Ölkə futbolu

Rəşadın vəziyyəti oyun günü bilinəcək – FOTO

“Qarabağ” klubu Topaz Premyer Liqanın XIV turunda sabah “Rəvan”la qarşılaşacaq.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, komanda oyuna itkilərlə çıxacaq.

Admir Telinin zədə, Riçard Almeydanın cəza səbəbindən oyunu buraxacağı dəqiqdir. Belindəki ağrılar səbəbindən AZAL-la və millinin 2 son hazırlıq matçını buraxan Rəşad Sadıqov son məşqlərdə fərdi hazırlıqla kifayətlənib.

“Qarabağ”ın və millinin kapitanının son durumu haqda klubun fizioterapevti Murat Şahinoğlu məlumat verib: “Bildiyiniz kimi, Rəşad uzun müddətdir belindəki ağrılardan əziyyət çəkir. Uzun müddətdir bu ağrılar var. Amma AZAL-la oyundan öncə ağrılar daha da şiddətləndi.

Belə də oyunu buraxmalı oldu. Rəşad üçün xüsusi müalicə proqramı tətbiq etdik. Əslində, kapitan bu turu da buraxmalıydı. Amma Rəşad məşqlərdə xüsusi əzmlə çalışır. Müalicənin effektini gözlənildiyindən daha erkən aldıq. Buna görə də oyun günü özünü necə hiss etməyindən asılı olaraq meydana çıxması mümkündür”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43