Ölkə futbolu

“Rəvan” artıq özünə gəlib”

“Rəvan” Premyer Liqanın 6-cı turunda “Qarabağ” ilə üz-üzə gəldi. “Bayıl” stadionunda keçirilən qarşılaşmada komanda qələbəni son anda əldən verdi. 1:1 hesablı bərabərliklə başa çatan oyunda diqqətçəkən məqamlardan biri də Novruz Məmmədovun kapitan sarğısını qoluna keçirməsi oldu.

23 yaşlı müdafiəçi Ramazan Abbasov və Rəşad Abdullayevin yoxluğunda sarğını qoluna taxmışdı. Belədə Məmmədov cari mövsüm komandanı kapitan kimi meydana çıxaran 3-cü futbolçu oldu. Daha öncə məhz Abbasovla (3 oyun) Abdullayev (2 oyun) fərqlənmişdi.

Ümumilikdə isə Novruz Premyer Liqada “Rəvan”ı kapitan kimi meydana çıxaran 8-ci futbolçu oldu. Elitada 70 oyun keçirmiş komanda da buna qədər Miloş Zeçeviç (49 oyun), Tural Axundov (10), Ramazan Abbasov (4), Əkrəm Hodziç, Rəşad Abdullayev (hər ikisi 2), Davud Kərimi və Nodar Məmmədov (hər ikisi 1) oyuna “sarğı” ilə başlamışdı.

Premyer Liqada ilk dəfə kapitan olmaq şərəfinə layiq görülmüş Novruz Məmmədov məsələ ilə bağlı klubun rəsmi saytına danışıb. Buna qədər “Muğan” I divizionda oynayarkən kapitan olmuş “21” nömrə bunları deyib:

“Mənim üçün də bir qədər gözlənilməz oldu. Yəqin məşqçilər vaxtilə bu komandada oynamağımı nəzərə alıb “sarğı”nı mənə etibar etdilər. Ramazan Abbasov və Rəşad Abdullayev oynamırdı deyə, mən seçildim. Bizim əsas kapitanımız bəllidir – Ramazan Abbasov. Sadəcə, o və vitse-kapitan meydanda olmadığından bu məsuliyyətli iş mənə həvalə olundu. Əlbəttə, kapitanlıq sarğısı məsuliyyəti və təqyiqi artırır. Amma çalışdım ki, bunun mənə təsir etməsinə imkan verməyəm. Sadəcə, öz oyunumu oynayırdım. Onsuz da hər oyuna məsuliyyətlə yanaşmaq borcumuzdur. Bütün komanda işə məsuliyyətlə yanaşır”.

Məmmədov “Qarabağ”la oyunla bağlı fikirlərini də bölüşüb: “Çətin oyun olacağını bilirdik. Axı “Qarabağ” kimi güclü komandaya qarşı mübarizə aparırdıq. Əlimizdən gələni etdik. Son dəqiqələrdə qol buraxmağımız isə çox üzücü oldu. Bu məqama əsasən 2 xal itirdiyimizi söyləyə bilərəm. Amma ümumən oyuna görə qənaətbəxş nəticə əldə etdik. Sadəcə, 1:0 olsaydı, lap əla olardı”.

Sonda Novruz “Qəbələ” ilə qarşıdan gələn matçla bağlı danışıb: “Məncə, “Rəvan” artıq özünə gəlib. Biz hər keçən oyunda daha yaxşı oynayırıq. Bu ənənəni Qəbələdə də davam etdirmək niyyətindəyik. İndi çempionatda hər oyun çətin olur. Son 2 oyundakı kimi mübarizə aparmalıyıq. Hər halda, mütləq meydanda sona qədər döyüşmək lazımdır. Ümidvaram ki, Bakıya sərfəli nəticə ilə dönəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43