Ölkə futbolu

“Rəvan” həftənin əvvəlindən məşqləri bərpa edib

“Rəvan” həftənin əvvəlindən məşqləri bərpa edib.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə,, “Sumqayıt”la Topaz Premyer Liqasının son tur oyunundan sonra 2 gün istirahət edən futbolçular artıq gücləndirilmiş rejimlə məşqlərə başlayıblar. Qrafikə əsasən, baş məşqçi Vladislav Qədirov yetirmələrini gündə 2 məşqə çıxarır.

Bugünkü səhər məşqi isə oyunla əvəzlənib. Belə ki, əsas komanda əvəzedicələrlə üz-üzə gəlib. Hər hissədə müxtəlif heyətlərlə çıxış edən əsas komanda əvəzediciləri 4:0 hesabı ilə üstələyib. Qolları ilk yarıda Musa Kabiru (2) və Sebastyan Kastro-Telyo, fasilədən sonra isə Kamil Nurəhmədov vurub.

Qədirov yüngül zədəsi olan Aqil Nəbiyevlə Elvin Həsənəliyev, eləcə də zədəsini sağaltdıqdan sonra fərdi məşqlərlə kifayətlənən Xuan Manuel Vareadan başqa bütün futbolçuların oynamasına şərait yaradıb.

Qeyd edək ki, “Rəvan” növbəti oyununu sentyabrın 7-də I divizion təmsilçisi “Şahdağ”a qarşı keçirəcək. Saat 18:00-da başlayacaq yoldaşlıq matçı “Bayıl Arena”da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43