08 Sentyabr 2024
Kateqoriyasız

“Rəvan”ın tarixində yeni bir səhifə aça bilərik”

“Rəvan” klubu aprelin 16-da Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk oyunu çərçivəsində “Neftçi”nin qonağı olacaq. 
İdmanxeber.com-un məlumatına görə, görüş ərəfəsində klubun idman direktoru Füzuli Əliyev  fikirlərini bölüşüb.

O, klubun rəsmi sayatına açıqlamasında qarşılaşmanın “Rəvan” üçün əhəmiyyətinə diqqət çəkib, Azərbaycan kuboku qazanaraq, yeni bir səhifə açmaq istədiklərini bildirib: “Azərbaycan kubokunun yarımfinalında olmaq bizim üçün uğur sayılır. Klub yarandığı gündən bəri belə bir nəticə əldə etməmişdi. Lakin aydın məsələdir ki, bununla qane ola bilmərik. Finala yüksəlmək, həmçinin qalib olmaq şansımız var. Avrokuboka vəsiqə qazanmaqla, klubumuzun tarixində yeni bir səhifə aça bilərik. “Rəvan”, mövsümün əvvəlindəki “Rəvan” deyil. Düzdür, sonuncu turda “Qarabağ”a 1:5 hesabı ilə uduzduq. Ancaq “Xəzər Lənkəran”, AZAL üzərində qələbələrimizi, ölkə kubokunun 1/4 final mərhələsində “Bakı”nı mübarizədən kənarlaşdırmağımız doğru yolda olduğumuzu göstərdi. Artıq bu gün bütün rəqiblər bizimlə hesablaşırlar. Yeni baş məşqçimiz Güvənç Kurtarın işi hiss olunmaqdadır. Əlbəttə, müəyyən çatışmazlıqlar var və biz onları həll etmək üçün çalışırıq. Əminliklə söyləyə bilərəm ki, komandamız növbəti mövsümdə Premyer Liqada da uğurlu çıxış edəcək, mükafatçılar sırasına düşmək üçün mübarizə aparacaq. Çünki nəticə əldə etmək üçün rəhbərlik bizə hər cür şərait yaradıb və dəstək olub”.

Klubun idman direktoru rəqib barədə xoş sözlər söyləyib: “Neftçi” ilə oyuna ciddi hazırlaşırıq. Təbii ki, rəqibimiz güclü və təqdimata ehtiyacı olmayan komandadır. Onların heyətlə bağlı bəzi problemlərinin olmasını bizim üçün üstünlük saymıram. Çünki “Neftçi”də yaxşı futbolçular cəmləşib, zədəli və ya cəzalıları əvəzləmək üçün əllərində yaxşı material var. Rəqibimizə hörmətlə yanaşırıq. Hər iki komandaya uğurlar arzulayıram. İstəyimiz budur ki, dostluq şəraitində keçən gözəl bir oyun olsun və izləyənlər həzz alsınlar”.

“Rəvan” klubunun sponsoru olan Nurgün Şirkətlər Qrupu bu il 20 illik yubileyini qeyd edir. Bu məqama diqqət çəkən F.Əliyev bunları söyləyib: “Öncə klubun rəhbərliyinə, eləcə də, oyunlarda bizə dəstək olan şirkətin işçilərinə təşəkkür edirəm. “Neftçi” ilə oyunlarda uğur qazanıb, qələbəni onlara hədiyyə etmək istəyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43