Müsahibə

Riçard Almeyda: “Həmin sənədlərə imza çəkdikdən sonra…”

Premyer Liqasının XX turunda “Qarabağ” öz meydanında “İnter”ə məğlub olub.

Idmanxeber.com-un məlumatına görə, oyundan sonra Ağdam klubunun aparıcı futbolçusu, bu gün millimizdə oynamağa razılıq verən Riçard Almeyda əməkdaşımızın suallarını cavablandırıb:

– Millimizdə oynamağa razılıq vemisən. AFFA-nın baş katibi Elxan Məmmədovla görüşdə nəyi müzakirə etdiniz?

– Bəzi hüquqi sənədlər var idi ki, onları imzalamalı idim. Həmin sənədlərə imza çəkdikdən sonra baş katib Elxan Məmmədovla görüşümüz oldu. Ümumi məsələlərdən danışdıq, xüsusi nəsə olmadı. Milli komandaya dəvət almaqdan qürur duyduğumu bildirdim.

– Milli komandada debütün nə vaxta təsadüf edəcək?

– Mən komanda yoldaşlarıma kömək etməyi fikirləşirəm. Əgər dəvət alsam, əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. Tam olaraq nə vaxt milliyə dəvət alacağımı bilmirəm. Çünki bəzi məsələlər var ki, onlar həllini tapmalıdır. Hazırda yalnız “Qarabağ”ın oyunlarını düşünürəm.

– “İnter”ə məğlub oldunuz. Bu haqda nə deyə bilərsiniz?

– Bu, futboldur və istənilən nəticəyə hazır olmalısan.

– Komandanız niyə belə zəif oynadı? Ümumiyyətlə, “Qarabağ” niyə “İnter”ə qarşı oynaya bilmir?

– Zəif oynamaqla bağlı fikirlərinizə hörmətlə yanaşıram. Amma düşünmürəm zəif oynadıq, sadəcə, təəssüf ki, qol vura bilmədik. Bu da futbolda olan haldır. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43