İdman

Robert Prosineçki: “Azərbaycan millisində irəli getmək mümkün deyil”

“Azərbaycan millisində çalışdığım üçün təəssüflənmirəm. Orada əla 3 il keçirdim. Bunu həyatımın ən xoş anları kimi xatırlayacam”. 
İdmanxeber.com-un məlumatına görə, bu sözləri millimizin sabiq baş məşqçisi Robert Prosineçki deyib.
Xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində millimizdən ayrılmasının səbəblərindən danışıb: “Mənim üçün heç bir problem yox idi. Əla şərait var idi, gözəl şəhərdə yaşayırdım.  Sadəcə, bu komanda ilə daha irəli gedə bilməyəcəyimi gördüm. İrəliləmək lazım olduğunu hiss etdim. Heç vaxt asan iş görüb,  pul qazanmaq haqda düşünməmişəm”.

Prosineçki millimizin onun tələb etdiyi futbolu oynaya bilmədiyini qeyd edib:“Təbii ki,  Azərbaycan millisinə “Barselona”nın göstərdiyi futbolu oynada bilməzsiniz. Elə incə məqamlar var ki, bunu heç kim edə bilməz. Mən həmişə komandamın arzuladığım səviyyədə oynamasını istəyirəm. Bunu etmək üçün keyfiyyətli, istədiyimi yerinə yetirə bilən futbolçular lazımdır. Məhz buna görə yüksək səviyyəli komandaya getmək istəyirəm. Azərbaycanda futbolla bağlı vəziyyəti dəyişmək mümkün deyil”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43