Ölkə futbolu

Robert Prosineçki: “San-Marino və Norveçi “öldürmüşəm”, indi isə növbədə Şimali İrlandiyadır”

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Xorvatiyanın “Jutarnji Sport” saytına müsahibə verib.

Yığmamızın çalışdırıcısı Azərbaycandakı işindən danışıb: “Azərbaycanlı futbolçular fenomenaldırlar. Karyeramda ilk dəfədir ki, belə oyunçularla çalışıram, onlar hər məşqdə bütün bacarıqlarını ortaya qoyurlar. Mən özüm də futbolçu olmuşam və nə dediyimi bilirəm. Son oyunlarda qazanılan uğurlu nəticələrdən sonra komandada eyforiya yaranıb, bu təhlükəlidir, amma mən burada çalışmaqdan zövq alıram”.
Prosineçki yığmanın hazırki durumu və sələfi Berti Foqts haqqında da maraqlı fikirlər bildirib: “Azərbaycan Premyer Liqasının zəif olmasına baxmayaraq, biz daha yaxşı oynaya bilərik. Azərbaycanın Osiekdə Xorvatiya ilə oyununu izləmişdim. Mən Berti Foqtsdan fərqli olaraq Azərbaycanda yaşayıram. Onu tənqid etmək istəmirəm, Foqts dünya futbolunun əfsanəsidir, məşqçi kimi 1996-cı ildə Avropa çempionu olub. Amma uğurun açarı stadionda oyunları izləmək, hər oyunçuya fərdi yanaşmaqdır. Düzdür, son aylarda Azərbaycan kənarında da oluram. Eddi İsrafilov “Kadiz”də, Kamran Ağayev “Boavişta”da, Dmitri Nazarov isə Almaniyada çıxış edir və onları izləmək üçün ölkə xaricinə yollanıram.  Amma 25 oyunçudan 20-i yerli klublarda oynayırlar”. 
Millimizin baş məşqçisi internetdə onun haqqında artıq zarafatlar yayıldığını da diqqətə çatdırıb: “Azərbaycanda mənə arxasıyca qan izi qoyan ölüm mələyi deyirlər. Hətta bir şəkil də var idi – San-Marino və Norveçi “öldürmüşəm”, indi isə Şimali İrlandiyanın qapısını döyürəm”. 
Robert Prosineçki milli komandanın 3 oyundan sonra 7 xal toplamasına toxunub və noyabrın 11-də keçiriləcək Şimali İrlandiya ilə oyuna da münasibət bildirib: “Ötən seçmə mərhələdə Norveçlə matçdan sonra (0:0) özümü daha inamlı hiss etməyə başladım. Və bu gün mən görürəm ki, inkişaf var. Azərbaycan tarixində milli komanda 3 oyundan sonra 7 xal toplamamışdı. Mən anlayıram ki, dünya çempionatına çıxmaq çox çətin olacaq, amma artıq adi insanlar da yığmaya inanmağa başlayıblar.  Biz əlimizdən gələni edirik ki, Azərbaycan xalqını lazımınca təmsil edək. Qarşıda bizi Şimali İrlandiya ilə matç gözləyir. Başa düşürəm ki, çətin oyun olacaq. Belfasta 3 gün əvvəldən yollanacağıq və hazırlıq keçmək üçün vaxtımız olacaq. İrlandları təhlil etmişik, fiziki cəhətdən çox güclüdürlər. Amma bu qarşılaşmaya optimist yanaşıram. Belfastdaki görüş həlledici olacaq”. 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43