Müsahibə

Roman Qriqorçuk: “Kefimiz niyə pis olmalıdır?”

Ölkəmizi Avropa Liqasında təmsil edən “Qəbələ” qrup mərhələsinin III turunda səfərdə “Saint-Etienne”in qonağı olacaq. Bu gün 15:30-da Fransaya yola düşməli olan “qırmızı-qaralar” Bakıdakı son məşqini Bakı Olimpiya Stadionunda keçdi. Səhər 11:30-da BOS-un yardımçı meydançasına ayaq basan komanda üzvləri Roman Qriqorçukun rəhbərliyi ilə yağış altında son hazırlıqlarından birini tamamladılar.
 
İdmanxeber.com xəbər verir ki, məşq başa çatandan sonra isə ukraynalı çalışdırıcı “Futbol11.az”ın suallarını cavablandırıb.
 
– “Saint-Etienne”lə oyunda öncə komandada son vəziyyət necədir?
– Sıx qrafikdə xüsusi yenilik yoxdur. Bizə sadəcə, bir neçə futbolçumuzun zədəli olması mane olur. Ancaq təəssüflənməyə dəyməz. Onların yoxluğunda digər futbolçular oynamaq şansı qazanacaq. Mənə elə gəlir ki, meydanda olacaq futbolçular bizə nəticə qazanmağa kömək edəcək.
– Nika Kvekveskiri, Rəşad Sadiqov və Baqali Dabo hazırda komanda ilə birgə olmasa da, futbolçuların əhavl-ruhiyyəsinin yüksək səviyyədə olduğunu gördük. Xüsusi motivasiya üçün onlara nə söyləmisiz?
– Niyə də kefimiz pis olmalıdır? Heç vaxt belə olmur. Meydana çıxan hər bir  futbolçu öz üzərinə işləməlidir. Futbolçularımız belə məsələlərə peşəkar yanaşırlar.
– “Saint-Etienne”ni necə devirmək olar?
– Əlbəttə, rəqib haqda ətraflı məlumat əldə etmişəm. Bu gün və sabah fransızların çatışmayan cəhətlərini futbolçularıma izah edəcəm. Çünki komandam buna hazır olmalıdır. Buna baxmayaraq, futbola baxışımızı dəyişmirik. Öz oyunumuzdan əl çəkməyəcəyik. Yəni, siz təkcə öz cərimə meydançamızda dayanıb müdafiə olunmağımızı görməyəcəksiniz. Düzdür, bu, bizə təminat vermir. Amma öz hücumlarımızı quracağıq, əks-hücumlara bel bağlayacağıq. 
– Əvvəlki oyunlarda zədə və cəza səbəbi ilə tam heyətlə oynaya bilmədiniz. Əksi olsaydı, nəticə də fərqli ola bilərdimi?
– Təxmini nəsə söyləməkdə çətinlik çəkirəm. Amma yaxşı olardı ki, meydana tam heyətlə çıxaq. Onsuz da zədəli futbolçular bütün komandalarda olur. Buna görə heç kim sığortalanmayıb. İki oyunda optimal heyətlə oynaya bilmədik. Yenə eyni problemlərlə üzləşmişik. İş burasındadır ki, yaranan problem dayaq yarımmüdafiəçiləri ilə bağlıdır. Buna görə də ola bilər ki, yeni üsula əl ataq. Müxtəlif cəbhələrdə mübarizə aparan komandalar üçün onların komplektləşmiş heyəti olmalıdır. Bu baxımdan çətinlik çəkirik. Çıxış yolu axtarmağa borcluyuq. Başqa yolumuz yoxdur. 
– Cavid Hüseynovun qayıtması komanda üzvlərinin əhval-ruhiyyəsini artırıb?
– Bu, bizim üçün sevindici məqamdır. Cavid Azərbaycanın ən güclü futbolçularından biridir. Əvvəlki formasını bərpa etsə, “Qəbələ” ən güclü olacaq. Biz onu itirərkən də, yoxluğunu hiss etmişdik.
– Hazırkı fiziki durumu ümidli gələcək vəd edir?
– İndi onun durumu ilə bağlı nəsə dəqiq deyə bilmərəm. Gərək yaxından tanış olam, məşqdə onu izləyəm. Böyük istedadlı futbolçudan söhbət gedir. Allah ona xüsusi bacarıq verib. Fikrimcə, tezliklə əvvəlki formasını bərpa edə biləcək.
 
– Qarşılaşmadan 2 gün əvvəl start heyəti açıqlaya bilərsiniz? Artıq millimizin çalışdırıcısı Robert Prosineçki oyundan əvvəl start heyəti açıqlamaqla bizi buna öyrəşdirib…
– Bu, Prosineçkinin öz seçimidir. Mən məsələyə fərqli yanaşıram. Start heyəti ancaq oyun günü səhər açıqlayıram. 
 
– Adətən səfər oyunlarına matça 1 gün qalmış yollanırsınız. Bu dəfə səfərə 2 gün öncə getməyinizin xüsusi bir səbəbi var?
– Xeyr. Hər hansı bir xüsusi səbəb yoxdur. Sadəcə, bizdən Fransaya 5 saatlıq yoldu. Oyundan bir gün əvvəl bu yolu getsək, komandada yorğunluq hiss oluna bilər. 
 
– “Lille”nii devirdiyinə görə, fransızlar “Qəbələ”dən çəkinməlidirmi?
– Mən əminəm ki, bizdən heç kim qorxmur. Onlar bizim də, öz çempionatlarının da hansı səviyyədə olduğunu çox yaxşı bilirlər. Biz məsələyə ciddi yanaşmalıyıq. Almaniya, Belçika, Fransa çempionatları səviyyəsinə yüksəlməyimiz üçün çox işləmək lazımdır. 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43