Müsahibə

Roman Qriqorçuk: “…onun qələmi birdəfəlik qırılıb” (MÜSAHİBƏ)

Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Premyer Liqada ardıcıl yeddi oyunda qələbə qazanmalarını şərh edib. “Futbol +” qəzetinin bugünkü sayına müsahibəsində ukraynalı mütəxəssis bu uğurların ona yuxusuz gecələr hesabına başa gəldiyini söyləyib.

Müsahibəni ixtisarla təqdim edirik.

– “Neftçi” ilə oyundan sonra normal yata bildiz?

– Bəli, artıq belə şeylərə öyrəşmişəm. Düzdür, Azərbaycana gələndən sonra yuxusuz gecələrim çox olub. Ancaq yenə təkrarlayıram, emosiyalarıma qalib gəlməyə çalışıram. “Neftçi” ilə qarşılaşmadan sonra da bir balaca sevinib, hər gün olduğu kimi vaxtı çatanda yuxuya getdim. Bir sözlə, həmin gecə başqa günlər kimi adi qaydada keçdi.

– 7 oyun ardıcıl qələbə qazanan “Qəbələ”ni kim və ya nə durdura bilər?

– Bu haqda heç nə deyə bilmərəm. Yaxşı olardı ki, bu məsələ üzərində rəqiblərimiz baş sındırsın. Mən və köməkçilərim isə komandanı indikindən də yüksək səviyyəyə qaldırmaq haqda düşünürük. Biz hələ çox artırmalı və oyunumuzu daha da yaxşılaşdırmalıyıq. Yaxaladığımız seriyanın davamını gətirmək üçün indikindən də yaxşı oynamalıyıq. Elə sistem formalaşdırmalıyıq ki, komandada sabitlik itməsin. Yüksəkliyə qalxmaq çətindir, ancaq orada qalmaq daha çətindir. Elə etmək istəyirik ki, yuxarı qalxdıqca oksigenimiz, ərzağımız tükənməsin. Bunun üçün isə daim işləmək, işləmək yenə də işləmək lazımdır. Gecə-gündüz məhz bu məsələ ətrafında fikirləşirik.

– Dörd aya yaxındır “Qəbələ”nin sükanı arxasındasız. İlk vaxtlar uğursuzluğa düçar olsanız da, sonradan problemləri aradan qaldırmağı bacardınız. Necə düşünürsünüz, “Qəbələ”ni bu vəziyyətə çatdırmaq üçün vaxt çox itirdiniz, yoxsa əsəb?

– Deməzdim ki, əsəblərim korlanmadı. İlk vaxtlar doğrudan da özümdən çıxdığım anlar çox olurdu. Ancaq hər dəfə savadım və təcrübəm emosiyalarıma qalib gəlirdi. Mən harada işləməyimdən asılı olmayaraq, çalışmışam ki, düşdüyüm vəziyyəti dərindən təhlil edim və harada səhv etdiyimi başa düşüm. Komandanın pis və ya yaxşı çıxış etməsindən asılı olmayaraq, hər xırda detalı təhlil edirəm, uğurun da, uğursuzluğun da səbəbini aydınlaşdırmağa çalışıram.

– “Qəbələ”nin hansı xətti sizi “Neftçi” ilə oyunda narahat etdi?

– Açığı, hansısa mövqeylə bağlı böyük narahatlığım yoxdur. Ancaq gələcəkdə daha böyük uğurlara imza atmaq istəyiriksə, heyətə yeni futbolçular cəlb etməliyik. Etik qaydalara riayət edərək bu gün həmin mövqeləri sizə açıqlamaq istəməzdim. Bu, həm də rəqiblərin işinə yaraya bilər. Əlimin altında olan bütün futbolçulara böyük hörmətim var və istəyirəm ki, hamısı yüksək səviyyədə çıxış etsin.

– Rəşad Sadiqovla Ravol Farkaş çox az-az meydana çıxmaq şansı qazanır. Belə çıxır ki, adını çəkdiyimiz futbolçulardan narazısınız.

– Mən həmişə istəmişəm ki, çalışdırdığım komandada güclü rəqabət olsun. Rəqabət olan yerdə inkişaf da var. Mənim bir qaydam var: adından, yaşından və keçmişindən asılı olmayaraq, kim oyun günü daha yaxşı formadadırsa, o da meydana çıxır. Bu gün futbolçu əsas heyətdən kənarda qalıbsa, deməli, meydana çıxanlarda zəifdir, Ancaq bu o demək deyil ki, onun qələmi birdəfəlik qırılıb. Sabah məşqlərdə özünü yaxşı tərəfdən göstərəcəksə, ona start heyətdə yer verəcəm. Bu, bütün futbolçulara şamil olunur. Qriqorçuk üçün əvəzolunmaz futbolçu yoxdur. Adını çəkdiyiniz futbolçulara güvənirəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43