Dünya futbolu

Ronaldo: “Televizora baxsam, karyeram məhv olar”

“Möhtəşəm mövsüm keçirdik. Demək olar ki, son illərin ən yaxşı komandası olduq”.

Bu sözlər “Real”ın futbolçusu Kristiano Ronaldoya məxsusdur. La Liqanın sonuncu turunda səfərdə “Malaqa” üzərində qələbə qazanan “kral klubu” çempionluğunu rəsmiləşdirib. Matçdan sonra açıqlama verən portuqaliyalı futbolçu fikirlərini bildirib. O, çempion olduqları üçün xoşbəxt olduğunu dilə gətirib:

“Uzun müddətdi çempion ola bilmirdik və bu günü səbrsizliklə gözləyirdik. Düşünürəm ki, uğurumuzda baş məşqçimiz Zinəddin Zidanın rolu böyükdü. O, az oynayan futbolçulara da şans verməklə möhtəşəm komanda yaradıb. Şəxsi oyunuma gəlincə, mövsümün sonunun çətin keçəcəyini bilirdim. Yaxşı hazırlaşdım və son oyunlarda qollarımı sıralamağa başladım”.

Təcrübəli futbolçu özünü və ailəsini tənqid edənlər haqda danışıb:

“Heç vaxt televizora baxmıram. Televizora baxsam, karyeram məhv olar. Bilirəm ki, karyeram və ailəm haqda çox danışırlar. Ancaq insanlar Kristiano haqda düzgün fikirdə deyillər. Futbolla bağlı danışılanlar məni əsəbiləşdirmir. Çünki, danışanlar statistikama baxanda susurlar. Ancaq kiminsə şəxsi həyatım barədə danışması doğru deyil. Ailəm, bir uşağım və anam  var. Eşidirəm ki, Kristianonun ağılsız, qız düşkünü olduğunu deyirlər. Lakin mən belə deyiləm”.

Ronaldo Çempionlar Liqasının finalında “Yuventus”a qarşı keçirəcəkləri oyun haqda qısa fikir bildirib:

“Çox çətin oyun olacağını bilirik. Amma hazırda 5 il sonra əldə etdiyimiz çempionluğun dadını çıxarmağı düşünürük”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43