Müsahibə

“Ronaldonu görmək futbolçular üçün həyəcanverici olacaq” – De Byazi

Futbol üzrə milli komandamızın baş məşqçisi Canni De Byazi “Reppublica” nəşrinə müsahibə verib.

İtaliyalı mütəxəssis yığmamıza gəlişindən və buradakı futbol imkanlarından danışıb:

– Azərbaycana gedişiniz necə oldu?
– Bəzi İtaliya klublarında təklif var idi, ancaq “yox” dedim. Digər milli komandalardan da təkliflər var idi, lakin mən artıq Bakıya getmişdim. Buranı gözəl şəhər kimi xatırlayırdım. Düşündüm ki, burada çalışmağa dəyər. İndi də yaxşı yaşayıram. Xəzər dənizinin sahilində çox gözəl evim var. Həmçinin, 6 il Romada oxumuş və italyan dilini fantastik səviyyədə bilən tərcüməçim var. İki gündə bütün çempionat oyunlarını canlı izləyirəm.

– Bütün oyunları?
– Bəli, çempionatda 8 komanda var. Şənbə günü iki, bazar günü iki oyun olur. Qarşılaşmalara baxıram və futbolçuların bacarıqlarını öyrənirəm. Digər tərəfdən, milli komandanın üzvlərindən yalnız biri Ukraynada çıxış edir, qalanları daxili çempionatda iştirak edirlər.

– Yaxşı nəticə əldə etmək alınacaq?
– FIFA reytinqində 83-cü sırada olan Albaniya yığması ilə Avropa çempionatını lənətə gəlmiş tək bir qolla tərk etdik, lakin millini artıq reytinqdə 22-ci sıraya çıxarmışdım. Təkrarlana biləcək hekayələr var. Futbolçularım gəncdilər və böyümək istəyirlər.

– Futbolçular Kriştiano Ronaldonu yaxından görəcəklər…
– Bu, onlar üçün həyəcanverici olacaq. Tək Ronaldo deyil, həm də Portuqaliya yığması onlara stimul olacaq. Portuqaliya millisi güclüdü və dünya çempionatını qazana bilərlər. Futbolçularıma qorxmamağı və aktiv olmağı tapşırmışam. Əks halda, yalnız güclülərin oyununu izləməli olacağıq.

– AFFA-nın sizdən tələbi nədi?
– Oyunçuların düşüncəsini dəyişdirməli və bütün futbol hərəkatını böyütməliyəm. Azərbaycanın kifayət qədər yaxşı mənbələri və imkanları var. Bakıda 70 min azarkeş tutumuna malik müasir olimpiya stadionu var. Bundan başqa, 6-7 stadion da var. Onların da tutumu 10-15 min nəfərlikdi. Burda möhtəşəm bir iş görmək üçün ideal şərait var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43