Müsahibə

Rövnəq Abdullayev: “Almaniyaya uduzmaq da şərəfdi” – MÜSAHİBƏ

Bu gün AFFA-nın Hesabat Konfransı keçirilib.

İdmanxeber.com-un məlumatına görə, tədbirdən sonra assosiasiyanın prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırıb:

– İcraiyyə Komitəsinin iclasında mühüm qərarlar haqda danışıldı. Birinci divizionda danışılmış oyunlarla bağlı şübhələr var. UEFA bu barədə bizə məlumat verib. Bizə vaxt verilib. Bütün epizodlara baxıldıqdan sonra radikal qərarlar qəbul ediləcək. Bu, cinayətdir. Qanunvericiliyə görə danışılmış oyunlarda iştirak edənləri məsuliyyətə cəlb edəcəyik. Bir neçə faktlara baxdıq. Həqiqətən də biabırçılıqdı. Bu, mənə çox pis təsir etdi. Belə hadisələrin kökünü kəsmək lazımdı.

– AFFA tərəfindən klublarda Müşahidə Şurası yaradılıb. Əgər hər şeyi AFFA həyata keçirirsə, onda şura nəyə lazımdı?

– Müşahidə Şurası o demək deyil ki, ora maliyyə ayırsın. Şura klubun inkişafına yardım məqsədi ilə yaradılıb ki, komanda bir nəfərdən asılı olmasın. Bu gün biz bütün maliyyə sənədlərimizi dərc edirik. Yavaş-yavaş maliyyə şəffaflığı klublara da keçməlidi. O ki, qaldı Gəncə şəhər stadionuna, yeni ildən bu məsələni həll edəcəyik. Bildiyiniz kimi, bu, bahalı işdi. Ancaq stadionun yeni ot örtüyü ilə təmin edəcəyik ki, oyunların keyfiyyəti də artsın.

– Ötən il AFFA tərəfindən Media Komitəsi yarandı. Bu komitə ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı…

– Komitə ilə bağlı İcraiyyə Komitəsinin üzvlərinə məlumat verilir. Bir il ərzində geniş fəaliyyət aparılıb. Komitənin fəaliyyəti davam etməlidir. Məqsədimiz odur ki, mətbuat 2020-ci ildə keçiriləcək Avropa çempionatına hazır olsun. Martın sonunda 1 illik fəaliyyəti başa çatacaq. Yenidən media nümayəndələri arasında şəffaf seçkilər keçiriləcək.

– Elxan Məmmədov UEFA-nın İcraiyyə Komitəsinə üzv qəbul olsa, AFFA-dakı vəzifəsində qalacaq?

– Olduğu kimi qalacaq. İK-ə üzvlük ictimai əsaslarladı.

– Ötən konfranlarda da deyirdiz ki, növbəti çempionatlarda komandaların sayı artacaq. Acı durum var ki, "İnter"ə də AFFA nəzarət edir. Birinci divizionda da klublara AFFA-nın maliyyə dəstəyi verdiyi aydın məsələdi…

– Biz keçən il qarşımıza məqsəd qoymuşduq ki. növbəti mövsümdə komandaların sayı artırılsın. Bununla bağlı işlər görülür. Klublar minimum lisenziya məsələlərini həll etməlidi. "İnter"in gələcək taleyi sponsordan və bazadan asılı olacaq. Klubun bazası bank tərəfindən başqa iş üçün istifadəyə verilsə, onda vəziyyət çətin olacaq. Biz gedib başqa baza tapa bilmərik.

– Hazırda iş adamları futbola yaxın durmurlar. Düşünmürsüz ki, bu problemi həll etmək üçün məsələni dövlət səviyyəsinə çatdırmaq lazımdı?

– Yavaş-yavaş futbola bu idman növünü sevənlər gəlir. Bəziləri də özünə xal yığmaq üçün maraq göstərir. Adamlar tanıyıram ki, fanatikdi. Nəyi varsa, futbola yatırıb.

– İki sahəyə – futbol və cüdoya nəzarət edirsiz. Hansı sahə üzünüzü daha çox ağardıb?

– Ən ağırı futboldu. Futbol mənim həyatımdı. Neçə ildi futboldayam. Bir anlıq sevinc bütün əziyyətləri unutdurur. Məsuliyyəti olan şəxs üçün çətindi.

– "CBC Sport"un gələcək taleyi necə olacaq? Maliyyə problemlərinin olduğu deyilir…

– Rəqabət yaxşı şeydi. "İdman Azərbaycan"dan rəqabətdən geri qalmır. Amma hələ ki, maliyyə problemi yoxdu. "CBC Sport"un nəticələrindən razıyam. Əvvəllər yayımda problemlər var idisə, indi yoxdu. Ən yaralı yerimiz azarkeşlərdi. Təəssüf ki, müsbət nəticələr olsa da, stadionlar dolmur.

– Almaniya ilə daha öncə də qarşılaşmışıq. Ancaq həmin vaxt millimzin baş məşqçisi Berdi Foqts olub. Hansı baş məşqçinin rəhbərliyi ilə yaxşı nəticəyə daha ümidli idiniz?

– Almaniya fenomendi, onlara uduzmaq da şərəfdi. Çalışıb mübariz oyun göstərməliyik. İdmançı mübarizə aparmalıdı.

– Oğlunuz Rəşad Abdullayev "Səbail"in Müşahidə Şurasının sədridi. Düşünmürsüz ki, klub Premyer Liqaya vəsiqə qazanacağı halda, söz-söhbət yaranacaq?

– Gəlin, bu məsələyə birdəfəlik son qoyaq. O da futbolu sevəndi. Onu qəsdən futbola qoşdum ki, sevdiyi işlə məşğul olsun. Dedim ki, ictimai işdi. O da bunu sevinclə qarşıladı. Amma bir şeyi bilin ki, "Səbail" Premyer Liqaya yüksələn kimi, oğlum istefaya gedəcək. Mən burada ola-ola o klub prezidenti ola bilməz.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43