Dünya futbolu

Rusiyada oynayan azərbaycanlı futbolçu: “Belə təklif olsa, düşünmədən gedərəm”

Rusiya Premyer Liqa təmsilçisi “Ufa”da çıxış edən Azərbaycan əsilli futbolçu Azər Əliyev yerli mətbuata müsahibə verib.

24 yaşlı yarımmüdafiəçi öncə futbola gəlişi barədə danışıb:

“Futbola gəlməyimin ən böyük səbəbkarı atam olub. O, əsil futbol aşiqi olub. Özü futbolçu olmasa da, məni futboçu edə bildi. Bu il dünya çempionatının bir neçə oyununu stadiondan izləyərək, uşaqlıq arzusuna çatdı. Mən də futbolçu olmaqla onun arzusunu reallaşdırmışam. Buna görə də xoşbəxtəm.

Özüm Gürcüstanın Bəzəkli kəndində doğulsam da, Rusiyanın Krasnoyarsk şəhərində böyümüşəm. Azərbaycanda sonuncu dəfə 2015-ci ildə olmuşam. Çox gözəl ölkədir, hamıya orada olmağı məsləhət görürəm. Bakı sürətlə inkişaf edən böyük meqapolisdir. Azərbaycan mətbəxi möhtəşəmdir. Xüsusilə də anamın hazırladığı yeməklər. Azərbaycanda nərd populyar olsa da, mən həvəskarı deyiləm, amma oynaya bilirəm”.

Əliyev Azərbaycan futbolu barədə də danışıb:

“Azərbaycanda futbola böyük sərmayələr qoyulur. Klublar Avropa arenalarında layiqincə çıxış etməyə başlayıblar. “Qarabağ” və “Qəbələ”nin kifayət qədər güclü heyətləri var”.

Milli komanda seçimini etməyən Azər gələcək karyerasından söz açıb: “Öz üzərimdə işləməli və artırmalıyam. Əgər İspaniya və İtaliya çempionatlarında oynamaq fürsəti yaransa, düşünmədən gedərəm. “Real”a xüsusi simpatiyam var”.

Qeyd edək ki, millimizin baş məşqçisi Qurban Qurbanov Ayaz Quliyev, Azər Əliyev kimi qürbətdə olan futbolçuları diqqətdə saxladıqlarını demişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43