Ölkə futbolu

Ruslan Əmircanov: “Fasilə dövründən təkcə “Qəbələ” deyil, bütün klublar bəhrələnəcək”

“AZAL yeni komanda deyil, hamı onları tanıyır. Düzdür, bu klubun indiki durumu haqda müxtəlif fikirlər səslənir. Amma biz bunlara fikir vermirik. Çünki çox yaxşı bilirik ki, AZAL istənilən komandanı büdrədə biləcək rəqibdir. Bu üzdən rəqibə hörmətlə yanaşır, qarşılaşmaya ciddi hazırlaşırıq. Doğma meydanda oynayacağıq.  Çalışacağıq ki, 90 dəqiqənin sonunda qalib gələn tərəf olaq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Ruslan Əmircanov klubun rəsmi saytına açıqlamasında deyib.

Futbolçu çempionatın ilk 3 oyununda 6 xal toplayan “Qəbələ”nin startdakı çıxışını qiymətləndirib: “Mövsümün ilk 3 turunu dəyərləndirsək, hər şeyin yaxşılığa doğru getdiyini söyləmək olar. Çempionata məğlubiyyətlə başlasaq da, sonrakı iki qələbə göstərdi ki, oyundan-oyuna hər şey qaydasına düşür. Həm yeni gələnlər komandaya uyğunlaşır, həm də komada öz oyununu tapır”.

Üç turda ikinci qələbəsini qazanan “Qəbələ”dən fərqli olaraq, AZAL-ın “Neftçi” ilə qarşılaşması təxirə salınmışdı. Əmircanov bir turluq istirahətin rəqibə necə təsir edə biləcəyindən də danışıb: “Elə komanda var ki, onun üçün belə istirahət müsbət rol oynayır. Futbolçular yorğunluğunu atıb, daha rahat oynayır. Lakin elə də olur ki, bu, oyun praktikasının azlığı ilə nəticələnir. Buna görə də AZAL-ın ötən tur oynamamağının rəqibimizə necə təsir edəcəyini söyləmək çətindir. Hər şeyi oyun göstərəcək. Biz də çalışacağıq ki, növbəti 3 xalımızı qazanaq.

Təcrübəli müdafiəçi komanda yoldaşları Kamran Ağayev, Ruslan Abışov və Cavid Hüseynovla birlikdə Azərbaycan millisinə dəvət alıb. Yığmamızın sentyabrın 3-də Rusiya ilə yoldaşlıq, 9-da isə Bolqarıstanla seçmə mərhələ çərçivəsində keçirəcəyi oyunlarla əlaqədar ölkə çempionatında fasilə yaranacaq. R.Əmircanov da həm fasilə, həm də IV turu lider kimi başa vurmaq şanslarına da münasibət bildirib: “Bizim komandada da 4 futbolçu milliyə dəvət alıb. Fasilə dövründən təkcə “Qəbələ” deyil, bütün klublar bəhrələnəcək. Bəziləri qısa müddətə istirahətə buraxılacaq, bəziləri isə hazırlığındakı çatışmazlıqları aradan qaldıracaq. Təbii ki, fasiləyə lider kimi yollanmağımız mümkündür. Amma bu, digər komandaların oyunlarının nəticələrindən asılıdır. Biz isə başqa komandaların matçları haqda düşünmürük. Ancaq öz oyunumuzu, öz nəticəmizi düşünürük. Çalışırıq ki, komandamız yaxşı nəticə qazansın. Yalnız bundan sonra digər qarşılaşmaların necə başa çatması ilə maraqlanırıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43