Kateqoriyasız

Ruslan Abışovun təəssüfü: “…qismət deyilmiş”

“Qəbələ”nin transfer pəncərəsi bağlandıqdan sonra heyətinə cəlb etdiyi Ruslan Abışov “Qəbələ” İK qəzetinə danışıb.
 
İdmanxeber.com xəbər verir ki, keçən mövsümdə “Qəbələ”nin şərəfini qorumuş Ruslan bura qayıtdığına görə məmnun olduğunu deyib:
 
“Baş məşqçi Roman Qriqorçuk məni yenidən sərəncamında görmək istədi. Açığı, gözləmirdim. Ailəmlə məsləhətləşdikdən sonra “Qəbələ”yə qayıtmağı qərara aldım. Doğrudu, başqa təkliflər vardı, ancaq “Qəbələ”yə dönməyi daha məqsədəuyğun saydım. Yenidən burda olmaqdan məmnunam.
 
Əlbəttə, oynamamaq hər bir futbolçuya sonradan çətinlik yaradır. Əsas odu ki, ilk oyunumda uğurlu nəticə əldə etdik. Cari mövsümdə debüt etdiyim “Sumqayıt”la matçda, çətin də olsa, qələbə qazandıq. Doğrudu, məndə bir az yorğunluq vardı. Ancaq bu, zamanla qaydasına düşəcək. Mənə elə gəlir ki, 2-3 turdan sonra oyunum daha yaxşı olacaq”.
 
28 yaşlı futbolçunun fikrincə, “Qəbələ”nin potensialı Premyer Liqanın qalibi olmağa imkan verir:
 
“Ötən mövsümdəki komandada oynamaq, məncə, daha rahat idi. Bəlkə bu, hazırkı heyətə yeni qoşulmağımdan irəli gəlir. Əlbəttə, hazırkı “Qəbələ”ylə də böyük uğurlar qazanacağımıza inanıram. Çempionluq barəsində danışmaq tezdi, çünki qarşıda xeyli çətin oyunlar olacaq. “Sumqayıt”la matç göstərdi ki, çempionatda asan sınaq olmayacaq. Çempion olmaq istəyiriksə, “Qarabağ” kimi güclü komandayla rəqabət aparacağıqsa, hər oyunda qələbəyə köklənməliyik”.
 
Ruslan “Qəbələ”yə Avropa Liqasının qrup mərhələsində kömək edə bilməyəcək. Çünki onun keçidi həll olunan zaman “Qəbələ” sifariş ərizəsini artıq UEFA-ya göndərmişdi. O, üzləşdiyi vəziyyətə görə üzülsə də, ümidini itirmir:
 
“Əlbəttə, çox istərdim ki, Avroliqa oyunlarında çıxış edim. “Rubin”lə bu mərhələdə oynasam da, “Qəbələ”nin heyətində tamam başqa cür ola bilərdi. Ancaq oynaya bilməməyim məndən asılı məsələ deyil və görünür, bu dəfə qismət deyilmiş. Əslində, bu, cari mövsümdə də mümkün ola bilər. “Qəbələ” 1/16 finala çıxsa, mən də istəyimə çata bilərəm. Avropa Liqasında komandamıza çox güvənirəm”.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43