22 Sentyabr 2024
Ölkə futbolu

“Səbail”in anidən ortaya çıxan problemi: “Bu, klubdan asılı olan məsələ deyil”

“Səbail”in ev oyunlarını keçirdiyi “ASCO Arena”da bir müddətdir işıqlandırma sistemində davam edən problem hələ də həllini tapmayıb. Bu səbəbdən də Peşəkar Futbol Liqası növbəti turda keçirilməli olan “Səbail” – “Qəbələ” matçını saat 17:00-dan, 13:00-a dəyişib. 

Maraqlıdır ki, paytaxt təmsilçisində davam edən problemin səbəbi bilinmir. Mövcud vəziyyətin nə qədər davam edəcəyi hələ də sual altındadır. Mövsümün əvvəlində işıqlandırma sistemində hər şey qaydasında olduğu halda birdən-birə belə durumun yaşanması təəccüblüdür.

Məsələ ilə bağlı “Səbail”in mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovla əlaqə saxlasaq da, problemin səbəbini öyrənə bilmədik. Klub rəsmisi İdmanxeber.az saytına bunları dedi:

“Hazırda təmir işləri davam edir. Bu, klubdan asılı olan məsələ deyil. Problemin nə vaxt aradan qaldırılacağı barədə konkret vaxt demək olmur”.

Açıqlamadan problemin yaxın vaxtlarda həll olunacağı görülmür. Ümumiyyətlə, hazırda bu məsələ ilə bağlı işlərin davam edib-etməməsi belə şübhə doğurur. Çünki klub rəsmisi mövcud problemlə bağlı kimin və ya hansı şirkətin məşğul olduğunu da bilmədiyini açıqladı.

Görünür, “dənizçilər” uzun müddət ev oyunlarını aşağı liqalardakı matçların başlanma vaxtı ilə keçirəcək.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43