Ölkə futbolu

Səlahət Ağayev: “Yaxşı başlamışıq”

O, geridə qalan 3 turdan danışıb.

İdmanxeber.az-ın məlumatına görə, “Neftçi” PFK-nın qapıçısı Səlahət Ağayev klubun rəsmi saytına müsahibə verib. Topaz Premyer Liqasında ilk 3 turu dəyərləndirən qolkiper Rəşad Əzizli və Kamran İbrahimovla rəqabətdən də danışıb.

– Mövsümün startını necə dəyərləndirmək olar?

– Yaxşı başlamışıq. 3 oyuna 7 xal uğurlu nəticədir. “Sumqayıt”, “Qəbələ” və “Qarabağ” kimi rəqiblərdən ümumi hesabda 7 xal almağımızı qənaətbəxş saymaq olar.

– Bu 3 oyunda 2 qol buraxmısan. Yəqin ki, bu göstəricidən də razısan?

– Normal göstəricidir. Buraxılan qollardan lazım olan dərsləri almalıyıq.

– Azarkeşlərimiz “Qarabağ”la səfər heç-heçəsini 2 xal itkisi kimi qiymətləndirirlər. Sən də onlarla eyni fikirdəsən?

– “Neftçi”nin azarkeşlərini çox yaxşı başa düşürəm. Bizim klubu digərlərindən fərqləndirən amillərdən biri məhz həmişə maksimum nəticə tələb edən azarkeşlərdir. Bütün klublara hörmətlə yanaşıram, amma bizim fanatlarımız hər zaman yanımızdadır. Bunu “Azərsun Arena”da da hiss etdim. Qələbə qazana bilərdik. Çünki kifayət qədər qol şanslarımız var idi. Hətta buraxılan qoldan sonra da oyunun taleyini dəyişmək üçün imkanlarımız oldu, amma dəyərləndirə bilmədik. Digər tərəfdən, rəqibin də bir neçə epizodu var idi. Məncə, heç-heçə ədalətli nəticədir.

– Rəşad Əzizli və Kamran İbrahimovla rəqabəti necə dəyərləndirirsən?

– Həm Rəşad, həm də Kamran əla qapıçılardır. Rəqabətin hər birimizə faydası var. Bəli, meydana yalnız birimiz çıxa bilər. Buna baxmayaraq, hər üçümüzün arasında münasibət çox yaxşıdır. Biz yoldaşıq, dostuq. Eyni işi görürük. Əsas odur ki, komanda qalib gəlsin.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43