Ölkə futbolu

“Sənan Qurbanov Bakıya məndən çox tələsir” – Samir Abasov

“Bir qədər üzülürük. Həm hesaba, həm də Bilal Həmdinin qırmızı vərəqəsinə görə. Rəqibin düşdüyü situasiya bizim üçün əlverişli olmalı idi. Dünən də oyuna yaxşı başladıq, bu gün də. Yolumuz uzundur, qış fasiləsini səbrsizliklə gözləyirik”.

Bunu “Zirə”nin baş məşqçisi Samir Abasov səfərdə “Qəbələ” ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra mətbuat konfransında deyib. 40 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb…

– Bilal Həmdiyə xəbərdarlıq olmamışdı ki, ehtiyatlı olsun? Axı, dünən artıq sarı vərəqəsi var idi…

– Xəbərdarlıq etmişdik. Dünən ədalətli sarı vərəqə almışdı. Ancaq ikinci “sarı” ilə razı deyiləm. Baş hakimin (Vüqar Həsənli – red.) bunu hiss etməsi üçün onun özü futbol oynamış adam olmalıdır. Məncə, həmin toqquşma təbii idi, epizod vərəqəlik deyildi. Elə Adil Nağıyevə də ötən tur düzgün vərəqə verməmişdi.

– Belə çıxır ki, hakimlərin sabiq futbolçular olmasının tərəfdarısınız?

– Ümumiyyətlə, futbolda futbol oynamış insanlar nə qədər çox olsa, bir o qədər xeyirli olar.

– Oyunun 2 günü əhatə etməsi işinizə ziyan vurdu?

– Dünən komandam çox əzmkar və istəkli idi. Ancaq desək ki, dünən oyunu başa vursaydıq, başqa nəticə olardı, doğru olmaz. Bütün hallarda Qəbələyə 3 xal arxasınca gəlmişdik.

– Budaq Nəsirov ötən oyunda özünü yaxşı tərəfdən göstərdi. Ancaq bu oyunda şans vermədiniz…

– Ona güvənirəm. İnanıram əsas heyətin üzvünə çevriləcək.

– Deyəsən, Qəbələni çox bəyəndiniz. Nə yaxşı konfransa ikinci qatıldınız?

– Deyəsən, Sənan Qurbanov Bakıya məndən çox tələsir (gülür). Mənə nə vaxt deyildisə, onda da gəldim (sportnet.az).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43