Ölkə futbolu

Şərhi ilə gündəm olan Dadaşov: “Türkiyənin oyunlarında tərəfsiz olmalı deyilik”

Avropa çempionatı 1/8 final mərhələsi çərçivəsində keçirilən Türkiyə – Avstriya görüşünün (2:1) şərhçisi Tural Dadaşovun mikrafon arxasındakı performansı geniş müzakirə mövzusuna çevrilib. İstər ölkəmizdə, istərsə də Türkiyədə gündəm olan Dadaşovun şərhi minlərlə insan tərəfindən bəyənildi.

Hətta qardaş ölkənin idman kanallarında belə müzakirə olunan şərhçimizin performansını diqqətdən kənar saxlaya bilməzdik. Bu səbəbdən də Tural bəylə əlaqə saxlayaraq, həmin matçda nələr hiss etdiyini və şərhinin ardından belə fikirlər gözləyib-gözləmədəyini öyrəndik.

O, haqqında danışılanlar barəsində İdmanxeber.az saytına bunları dedi:

“Deyinlərdən, yazılanlardan xəbərim var. Hər kəs mənim şərhimin müzakirəsini aparıb. Təkcə “instagram”da türklərdən 100-dən çox mesaj gəlib. Azərbaycanlılar da yazırlar, məni təbrik edirlər. Hamısına təşəkkür edirəm. Yəni mənim üçün qeyri-adi bir şey deyildi. Hər oyuna necə hazırlaşırdımsa, bu görüşə də eyni yanaşdım. Sadəcə meydanda Türkiyə millisi varsa, bir az başqa olur. Digər qarşılaşmalarda neytrallığı qorusaq da, qardaş ölkə oynayanda fərqli yanaşırıq. Deyərdim ki, şərhim həddindən artıq emosional alındı. Ümid edirəm ki, düzgün yol tutmuşdum.

Bəziləri şərhçinin tərəfsiz olmalı olduğunu deyir. Ancaq Azərbaycan oynayanda biz tərəfsiz olmuruq. Məncə, Türkiyənin matçında da neytral olmalı deyilik. Əslində oyundan çox şeydən asılıdı. Hər şey meydanda baş verən hadisələrdən doğur. Ötən Avropa çempionatında da Türkiyənin görüşlərini şərh etmişdim. BOS-da keçirilən matçda mikrofon arxasında idim. Bildiyiniz kimi, bütün oyunları uduzdular. Bu cür görüşlərdə şərh də heç kimin yadında qalmır. Bizim işimiz yalnız bizdən asılı deyil. Çalışırıq ki, meydanda baş verən həyəcanlı hadisələri izləyiciyə çatdıra bilək. Necə alındığını tamaşılar qiymət verər. Böyük əksəriyyəti şərhim barədə müsbət fikrilər yazırlar”.

T.Dadaşov azərbaycanlı şərhçiləri bəyənməyib futbollara xarici kanallardan baxanların da olduğunu bildirdi. O, bunun səbəbini belə izah etdi:

“Bəlli bir kütlə var ki, onlar xarici kanallardan baxmağa alışıb. Yaşlı nəsil Rusiya, digər bir tərəf isə türk şərhini görüblər. Xüsusən də doxsanıncı illlərin sonunda Azərbaycan kanalları böyük turnirləri yayımlamırdı. Demək olar ki, hər kəs matçlara Türkiyə kanallarından baxırdı. Buna görə də hamı onlara öyrəşdi. Yəni bu alışqanlıqdı. Tamaşaçının bəlli bir gözləntisi var. Bu, zövq məsələsidi. Uzun illər Rusiya və Türkiyə kanalları ilə oyunlara baxanlar bizim şərhimizi bəyənmirlər. Amma son dövrlərdə vəziyyət dəyişib. Çünki bizdə də artıq çox bacarıqlı şərhçilər var. Onlar da azərbaycanlı azarkeşlər tərəfindən bəyənilir. Böyük əksəriyyət onları dinləyir. Müəyyən bir dönəmdən sonra bizdə də belə müzakirələr olmayacaq”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43