Ölkə futbolu

Sadıq Sadıqov futbola qayıdır?

Və ya “Neftçi”yə sahib olmaq uğrunda klanların mübarizəsi davam edir
Bir müddətdi ki, kuluarlarda Sadıq Sadıqovun yenidən futbol təsərrüfatına qayıdacağı haqda söhbətlər gəzir/dezinformasiyalar yayılır.
2009-2015-ci illərdə “ağ-qaralar”a rəhbərlik eləmiş Sadıqovun idarəçiliyi müstəqillik dövründə “Neftçi” tarixinin ən zəngin dönəmi sayılır. Azərbaycan futbolunda ilk dəfə Avropa Liqasında qrup mərhələsinə düşən, ardıcıl ölkə çempionluqları, kubokları qazanan “ağ-qaralar”ın 2013-cü ildə enişi başladı. Elə həmin il klubda Müşahidə Şurası yaradılmışdı.
Elşad Nəsirov və Rövnəq Abdullayev klanı arasında “Neftçi”yə sahiblik eləmək uğrunda SOCAR daxilində mübarizə birincilərin qələbəsiylə başa çatmışdı. Daha doğrusu, Abdullayev və “drujinası” öz xoşuyla bu dartışmadan çəkilmişdi.
Müşahidə Şurası formatı yaradılandan isə “Neftçi”nin kuboksuz günləri başladı və bugünədək davam edir.
***                  ***                  ***
Yenə kuluarlarda gəzən söhbətlərə görə bu uğursuzluq zolağının müntəzəm və inadla davam eləməsi üçün Abdullayev klanının rolu danılmazdı.
Onlar maraqlıdır ki, bu sistem daim təsdiqini tapsın: Neftçi”ni ələ almaq istəyirdiniz, buyurun, verdik, indi davam edin uğurlu nəticələrə – bacararsınızsa…” 
“Flaqman” üçüncü mövsümdü ki, turnir cədvəlinin ekvatorundan yuxarı qalxa bilmir. Tarixin ən böyük məğlubyyətini də bu dönəmdə aldı (“Qəbələ” – 0:8). Həm nəticələr, həm idarəetmədəki böhranvari situasiya səngimir və belədə yenidən Sadıq Sadıqovun klub rəhbərliyinə qaytarılacağı, onun da öz keçmiş komandasıyla birgə gələcəyi haqda müzakirələr gedir.
Maraq üçün bildirək ki, məhz bu söz-söhbətlərə alternativlər də artıq ortaya atılmaqdadır. Bəzi mənbələrdə qeyd olunur ki, “Səbail” Premyer Liqaya yüksələndə klubun rəhbərliyi Sadıqova həvalə olunacaq.
Güman ki, bunu “şuravilər” əks gediş kimi ediblər. Sadıqovun “Neftçi” gətirilməməsi üçün, dolayısıyla Abdullayev – Nəsirov klanı arasında gözlə görünəyən “Neftçi” dartışmasında iz azdırmaq  məqsədiylə ortaya atılmış versiyadı.

***                  ***                  ***

Sadıqov “Neftçi”nin  sayca 6-cı prezident idi. Həm titul, həm də postunda qalmaq müddətinə görə isə ikinci. O, 8 il 7 ayda klubun muzeyinə 6 titul gətirən  Aydın İbrahimovdan geri qalır. Sadıqov “Neftçi”dən gedəndən az sonra  – 2015-in sentyabrında Cüdo federasiyasına vitse-prezident təyin edilmişdi. Böhranda olan bu sahəni himayəsinə götürən Rövnəq Abdullayev Sadıqovun cüdoda da uğurlar qazanması üçün “səxavət kisəsinin” ağzını geniş açdı. Beləliklə, Sadıqov obrazında Abdullayev klanına futbolda/idmanda hansısa damğa vurmağa çalışılsa da, böyük pullar hesabına imicin yerində saxlanması üçün heç də az çaba sərf edilmədi. 

Sadıqov futbola qayıtmaq istəmədiyini daim və israrla bildirsə də, Abdullayev klanının Nəsirov klanına qarşı kini soyumayıb və  müşahidələrimiz hiss edir ki, “Neftçi”nin onların əlindən alınması bağışlanmayacaq.

(Futbolpress.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43