Ölkə futbolu

Sadıq Sadıqov: “Xəzər Lənkəran” çempionluğa layiq olan klublarımızdan biridir”

Superkubokunda “Xəzər Lənkəran”la qarşılaşan “Neftçi” 1:2 hesabı ilə məğlub oldu. Matçdan sonra paytaxt klubunun prezidenti Sadıq Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

– Oyunla bağlı nə deyə bilərsiniz?

– Hər şey super idi. Ölkə başçısına, AFFA rəhbərliyinə, Naxçıvan rəhbərliyinə belə bir oyunu müqəddəs torpağımızda keçirdiklərinə görə təşəkkür edirəm. Mən də bu torpağın bir övladıyam. Burda doğulub, böyümüşəm. Oyunda çox gözəl keçdi. İdman ab-havası vardı. Güclü də qalib gəldi. Bu günkü oyunda güclü kim idi? “Xəzər Lənkəran”.

– Qələbə münasibəti ilə rəqibi təbrik etdinizmi?

– Bəli, öz təbriklərimi çatdırdım.

– Rəqibin oyunçusu qırmızı vərəqə aldı. Onlar meydanda azlıqda qaldıqdan sonra komandanızın qələbə qazanacağına inanırdınızmı?

– Bu futboldur. Oyun zamanı hər dəqiqənin öz hökmü var. Hər şey mümkündür. Məğlubiyyəti də gərək kişi kimi qəbul edəsən. Mən bunu qəbul edirəm və “Xəzər Lənkəran”a uğurlar arzulayıram. “Xəzər Lənkəranda bizim öndə gedən, çempionluğa layiq olan klublarımızdan biridir.

– Üç ardıcıl çempionluq və ölkə kubokunu qazandıqdan sonra məğlubiyyət çətin deyil?

– Komanda o qədər kubok, medal qazanıb ki, bir qədər arxayınlaşıb. Fikirləşdilər ki, yenə kuboku qazanacaqlar.

– Deyəsən, məğlubiyyət əhvalınıza təsir etməyib?

– Niyə təsir etmir? Sadəcə, sizinlə gülə-gülə danışıram.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43