Ölkə futbolu

Şahin Diniyev: “Bəlkə də heç vaxt əlimizə belə şans düşməyəcək”

Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Kəpəz” cavab
matçında “Admira” ilə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, matçdan öncə keçirilən mətbuat
konfransında Şahin Diniyev bunları deyib:

“Jurnalistlər yazılarında bizə dəstək olub. Buna görə də
bütün sayt, qəzet, radio və televiziya işçilərinə minnətdaram. Səmimi danışsaq
rəqibin gücünə bələdik. Birinci oyunda da nə qədər sürətli komanda olduğunu
gördünüz. Onlara boş sahə verməməyə çalışdıq. Hardasa məqsədimizə çatdıq. Səliqəli
müdafiə olunduğumuz üçün 3 oyunda sadəcə 1 sarı vərəqə almışıq. Oyun üstünlüyü
rəqib tərəfdədydi. Amma şanslar indi 50\50-yədir. Belə futbolçularla işlədiyim
üçün çox xoşbəxtəm. Çalışırıq başımızdan yuxarı tullanaq. Bəlkə də heç vaxt əlimizə
belə şans düşməyəcək. Rəqib təzyiq yaratmağı bacarır. Aqressiv oynayır. Hər iki
komanda ağıllı oynamağa çalışacaq. Tarixi komanda ilə oynayırıq. Sabah bizi gərgin
oyun gözləyir. Heyətdəki futbolçularımız kiçik zədələrini sağaldıblar. Sabahkı
oyunda risk ölümə bərabər olacaq. Penalti seriyaları üçün məşq etməmişik.

Bura gəlib çıxmağımızda futbolçuların çox əməyi var. Uğursuz
olsaq belə futbolçuları günahlandıra bilmərəm. Karyeram boyunca  belə həyəcan keçirməmişdim. Biraz qorxum var bu
oyundan. Məsuliyyət hiss edirəmsə, qorxu da olmalıdır. Rəqibimiz çempionatında
çox iddialıdır. “Daçia”dan ən azı iki dəfə güclüdür.

Əsas yük yarımmüdafiəçilər və müdafiəçilərin üzərinə düşəcək.
Daha az foula və küncdən zərbəyə icazə verəcəyik.

Rəqibdə heç bir zəif nöqtə tapa bilmədim. Artıq rəqibi kənara
qoyub öz komandamın nəyə qadir olacağını düşünmək lazımdır. Sabah bunun üçün
çalışacam.

Komandamda hər gün irəliləyiş hiss olunur. Bizim itirəcəyimiz
heç nə yoxdur. Motivasiyamız yetərincədir. İşimiz çox çətin olacaq.

Bir mövqedə dəyişiklik etmək istəyirəm amma narahatam. Risk
etmək istəmirəm. Axşam fikirləşib buna qərar verəcəm.  Oyuna tam köklənmişik. Ciddiliyimizi qorumalıyıq.
Biz azarkeşlərlə vəhdətdəyik. Rəhbərlik, azarkeş, futbolçular hamımız birgəyik.
Bizim komandanın ruhu var. Biz “Daçia”dan hər cəhətdən zəif idik. Lakin
ruhumuzla qalib gəldik”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43