Ölkə futbolu

Şahin Diniyev: “Bunu deməyə utanmıram”

Topaz Premyer Liqasının 12-ci turunda “İnter” doğma meydanda “Rəvan”a qalib gəldi – 3:2.

Şahin Diniyev, “Rəvan” klubunun baş məşqçisi: komanda yaxşı oynadı. Həm topa nəzarət etməkdə, həm sürətli hücumlar qurmaqda istədiyimizi edə bilirdik. Müdafiədə asan qollar buraxırdıq, bu da komandanın uğurlu çıxına maneə olurdu. Bu gün futbolçular barədə heç bir mənfi fikir söyləmək istəmirəm. Futbolçuların bu günə olan potensialı, fiziki durumu yaxşı olmasa da son dəqiqələrə qədər mübarizə apardılar. Komandamla fəxr edirəm, bunu deməyə utanmıram. Qapıçımızın hər üç qolda səhvləri oldu, qapıçı meydançasında topları götürə bilərdi. Bu cür səhvləri də aradan qaldırmalıyıq. Qol epizodları yaratdıq, Varea iki dəfə fərqlənə bilərdi. İkinci hissənin əvvəlində ikinci qolu vursa idik oyun heç-heçə başa çata bilərdi. Oyunun gedişini dəyişmək üçün ehtiyat qüvvəmiz yoxdur. Bugünkü durumda Sapela digər qapıçılarımızdan daha güclü olduğu üçün əsas heyətdə meydana çıxır. Aqil Nəbiyev iki gündür ki, xəstədir, oyundan öncə də sağlıq durumu yaxşı deyildi. Heç nəyə baxmayaraq, kişi kimi oyuna çıxdı və sona kimi mübarizə apardı”.

Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Oyunun əvvəlinə baxdıqda rahat qələbə qazanmalı idik. Lakin futbolçular müəyyən qədər diqqəti itirdilər, müdafiədə səhvlər buraxdıq. Futbol yalnız hücum deyil, müdfiədən də ibarətdir. Qol vurduqdan sonra taktiki dəyişiklik etdik, müdafiədə stabil oynamağa başladıq. Çox yaxşı oynadıq, çoxlu qol imkanları yaratdıq. Üç qol vurduq, lakin iki qol buraxdıq. Bu, 2-3 top vurduğumuz oyunda bizim üçün faciədir. Bunun üzərində çalışacağıq. Bugünkü oyunda qalib gəlmək vacib idi. Bundan sonra yalnız irəli getməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43