26 Avqust 2019
Müsahibə

Şahin Diniyev: “Gedənlərin çoxu ilə biz yolları ayırmışıq” MÜSAHİBƏ

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Sportal.az saytına müsahibə verib.

 

–    Komandadan bir neç futbolçu getdi. Heyətə cəlb edilən futbolçuların əksəriyyəti isə ölkə futbolunda bir o qədər də tanınmırlar. Gedən oyunçuların yerini doldura biləcəksiniz?
–    Ötən il və ondan əvvəlki mövsüm heyətimizə tanınmayan futbolçular götürmüşdük. Onlar özlərini sübut edərək daha irəli getdilər. Gedənlərin çoxu ilə biz yolları ayırmışıq. Yəni, onlar komandanı atıb qaçmayıblar. Bir neçə oyunçu isə ailə vəziyyətinə görə bizdən ayrılmalı oldu. Bu il keçən ilə baxanda zəif olmayacağıq. Kəmiyyətə deyil, daha çox keyfiyyətə üstünlük verəcəyik. Bəzi futbolçulardan istədiyimizi ala bilmədik. Ad çəkmək istəmirəm. 1-2 futbolçu isə öz istəyilə getdi.  Əlbəttə, gedənlərin də bizə köməyi dəydi. Dario Yaponiyadan yaxşı şərtlərlə təklif almışdı. O şərtlər qarşılığında Federikonu komandada saxlaya bilməzdik. Tural Axundov isə ailə məsələsinə görə tərk etdi. Artıq 3-cü ilə doğru gedirik. Əvəzolunmaz futbolçu yoxdur.  Ebah və Serjinyo mənim tərəfimdən razılıq verildi və komandadan getdilər. Demirəm ki, onlar zəif oyunçulardı. Sadəcə, daha keyfiyyətli oyunçu istəyirik. Komandanı çiynində apara biləcək futbolçu olmalıdır.


–    Keyfiyyətli futbolçu üçün yaxşı maliyyə şərtləri də yaxşı olmalıdır.
–    10 futbolçudan üçü yaxşı keyfiyyətlərə sahib olsa, kompensasiya etmək olar.


–    Renan Alveş məsələsi nə yerdədir?
–     Onun agenti Portuqaliyadadır. Alveş haqda son qərarı onun agenti verəcək. Danışıqlar gedir. Əgər Renan alınmasa, başqa variantlara baxacağıq. Renan yaxşı futbolçudur. Ona güvənirəm.

 

–    Orxan Əliyevlə Nicat Qurbanovun gedişi də gözlənilməz oldu.
–    Orxan Əliyev xaricə getmək istəyirdi. İstəyirdim ki, o, komandamızda qalsın. Biz onu I Diviziondan götürmüşdük. Bizim heyətə gələndə “sönmüşdü”. Bizdə özünə gəldi və yenidən milliyə dəvət aldı. Bizə xaricə getmək variant olduğunu söyləyəndə razılaşdıq. Bizdə elə şəraitdir ki, futbolçu xarici klubdan təklif alanda ona “yaşıl işıq” yandırırıq. Orxan bizə Portuqaliyadan təklif aldığını demişdi. Ona bizə dəqiq bir söz deməyini istədik. Çünki biz də axtarış etməli idik. Bir neçə gün vaxt vermişdik. Sonradan öyrəndim ki, “Zirə” ilə müqavilə imzalayıb. Mən də ona mesaj yazaraq gələcək karyerası üçün uğurlar arzuladım. Hər kəsin bir danışıq tərzi var. Mən ona təşəkkürümü etdim. Artıq bu, onun şəxsi işidir. İstəyirəm ki, komandada olan futbolçunun ürəyi “Kəpəz”lə döyünnsün. Futbolçu həyatı qısadır, onları da başa düşmək lazımdır. Daha yaxşı şərtlərlə başqa kluba getmək istəsə, buraxırıq. Müqavilə kağızı mənim üçün 2-ci dərəcəlidir.

 

–    “Kəpəz”in portuqaliyalı və braziliyalı futbolçularla danışıqlar apardığı bildirilir…
–    Komandaya oyunçuları mən götürürəm. Son qərar mənə məxsusdur. Hazırda bir yerli futbolçuyla danışıqlar aparırıq. Adını açıqlama istəmirəm. Seçim etmək asan deyil. Axtardığımızı burada tapmasaq, xaricə üz tutacağıq. Tapmaq çətindir. Futbolçulara qoyulan transfer məbləği getdikcə aşağı düşür. Bu, uzun prosesdir. Bəyəndiyimiz futbolçunun ən azı 3-4 oyununa baxmalıyam. Büdcəmiz çox deyil, amma peşəkar addım atmalıyıq. Komandamızın agenti Vaqif Heydərli də axtarışdadır. Onun təklif etdiyi futbolçular arasında seçim etməliyəm. Elə seçim etməliyik ki, yanlış addım atmaq olmaz. 2-3 legioner götürəcəyik ki, çox diqqətli olmalıyıq. Elə mövqelərə seçim edirik ki, diqqət tələb edir. Səbirli olacam və ən düzgün qərarı verməyi çalışacam.

 

–    “Kəpəz”in növbəti mövsüm üçün hədəfi nə olacaq?
–    İndidən nəsə demək çətindir. 2 hədəfimiz olacaq: ya Avropa Liqasında vəsiqə qazanmaq, ya da elitada yerimizi qorumalıyıq. “Kəpəz”in adına elitada qalmaq uğrunda mübarizə aparmaq yaraşmır. Belə olan halda avrokuboklar üçün mübarizə aparacağımızı söyləyə bilərik.


–    Stadionun təmiri çempionatın startına qədər hazır olacaq?
–    Avqust ayına stadion tam hazır olacaq. Maksimum çempionatın ilk iki turunu səfərdə oynaya bilərik. Meydanın yaxşı qalması üçün sentyabrın ortalarını gözləmək lazım olacaq.

 

–    Premyer Liqada yeni mövsümdə də 8 komanda yarışacaq. Futbolçular da açıqlamalarında tez-tez üz-üzə gəldiklərindən bezdiklərini vurğulayırlar. Sizin buna münasibətiniz necədir?
–    Tamamilə doğrudur. Hamımız istəyirik ki, komandaların sayı çoxdur. Amma bu, reallıqdan uzaqdır. Maliyyə problemləri var. Federasiya da çox klub saxlya bilməz, sponsor olmalıdır. Lisenziya şərtlərində çox amil var. Əsas amillərdən biri də sponsor məsələsidir.

Oxşar xəbərlər

Bu gün vuruşduq, qolumuzu vurduq ancaq…

admin

Zaur Axundov: “Bizim üçün “Dalğa Arena” daha əlverişlidi”

admin

Çingiz İsmayılov: “Əsl qapıçı ayağa baxmalıdı” – MÜSAHİBƏ

admin