Ölkə futbolu

Şahin Diniyev: “İndi komandalar daha səviyyəlidir”

Topaz Premyer Liqasının X turu çərçivəsində keçirilən “Neftçi” – “Rəvan” qarşılaşmasının (1:2) diqqətçəkən məqamlarından biri də qonaqların yeni baş məşqçi ilə ilk oyununa çıxması olub.

Şahin Diniyev “aslanlar”ı ilk rəsmi oyuna çıxarmaqla həm də 8 ilə yaxın fasiləyə son qoyub.

Söhbət Diniyevin ölkə çempionatına qayıdışından gedir. Belə ki, 47 yaşlı mütəxəssis sonuncu dəfə Azərbaycan çempionatında 2005-ci il dekabrın 18-də iş başında olmuşdu. O vaxt “Kəpəz” ilə səfərdə MOİK-i 3:0 hesabı ilə məğlub etdikdən sonra Şahin Diniyev Azərbaycan milli komandasının “sükanı” arxasına keçmişdi. 8 ilə yaxın müddət keçəndən sonra Diniyev yenidən çempionatının ab-havasını hiss etdi. Dönüşü haqda baş məşqçinin özü danışacaq:

“Həyəcanlı deyildim desəm, yalan olar. Əlbəttə, həyəcan var idi. Amma bu 8 ildə xeyli təcrübə toplamışam, futbola baxışım dəyişib. Birinci oyundaca çempiona qarşı oynamaq heç yaxşı olmadı. Yetirmələrim 1 həftəlik hazırlıqdan sonra “Neftçi” ilə bir hissə başa-baş mübarizə apara bildi. Fiziki-funksional hazırlıq tam qaydasında olmadığından ikinci yarıda çətinlik çəkdik. Amma biz tədricən “artıracağıq”.

Diniyev ötən bu 8 il ərzində çempionatın səviyyəsinin qat-qat yüksəldiyini də söyləyib: “İndi komandalar daha səviyyəlidir. Özü də mübarizə təkcə 2-3 kollektiv arasında getmir. Hazırda Premyer Liqada istənilən komanda başqa birisini rahatca büdrədə bilər. Artıq ümumilikdə çempionatın səviyyəsi güclənib. Hətta deyərdim, fərq qat-qat səviyyəsindədir. Bir sözlə, 2005-ci illə müqayisədə böyük fərqlər var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43