Ölkə futbolu

Şahin Diniyev: “Qarşımızda ciddi rəqib dayanıb”

İyulun 14-də UEFA Avropa Liqasının II mərhələsinin ilk oyununda “Kəpəz”  Avstriyada “Admira” ilə üz-üzə gələcək. 

İdmanxeber.com-un klub saytına istinadən verdiyi məlumata görə, Gəncə klubunun baş məşqçisi Şahin Diniyev qarşıdakı matçla bağlı fikirlərini ilə bölüşüb:

 “Ötən hər gün “Kəpəz”in xeyrinədir. Çünki komandaya yeni qoşulan futbolçuların oyun sisteminə uyğunlaşması və xətlərarası anlaşmanın yüksək səviyyədə olması üçün vaxta ehtiyac var. “Daçiya” ilə oyunlardan sonra komandada irəliləyiş var, amma deməzdim ki, hər şey ideal vəziyyətdədir. Çatışmayan cəhətlərimiz çoxdur, sabah meydanda bunları minimuma endirməyə çalışacağıq. Qarşımızda ciddi rəqib dayanıb, oyunlarını izləmişəm.

 Sürətli və atletik futbola üstünlük verirlər. Yaxşı futbolçuları var. Hücumda və müdafiədə tez bir zamanda çoxalmağı bacarırlar. Onların mənfi cəhətlərini tapmaq olduqca çətindir. Komandamızın ümumi durumu yaxşıdır. Zədəlilərin olmaması məni sevindirir. Necə oynacağımızı açıqlamaq istəmirəm. Biz kompakt şəkildə mübarizə aparmağa çalışacağıq. Rəqibə boş zona verməməliyik. Bunun sayəsində nəyəsə nail olmaq olar. Əsas heyəti müəyyənləşdirmişəm. Qalib heyəti dəyişməyə ehtiyac görmürəm. “Kəpəz” Azərbaycanı layiqincə təmsil etmək üçün meydana çıxacaq. Uğurlu nəticə olarsa, daha yaxşı olar. Yenə deyirəm, rəqib hər cəhətdən bizdən çox üstündür. Amma futbolda ustalıq və üstünlük həmişə rol oynamır, motivasiya və aqressiya da əsas amillərdəndir. “Kəpəz” Avropa Liqasında bu mövsüm üçün yaxşı nəticə göstərib, bunu unutmamaq lazımdır”.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43