İdman

“Şahin müəllim istefa verib, qovsaydılar o zaman mən də gedərdim” – Azər Məmmədov

“Kəpəz”in əvəzedici komandasının baş məşqçisi Azər Məmmədovun İdmanxeber.com saytına müsahibəsi.

– Azər müəllim, bəzi saytlarda istefa verməyinizlə bağlı xəbərlər dolaşır…

– Çox sağolun ki, mənim də fikirlərimə önəm verirsiz və şəxsən özümdən bu barədə soruşursuz. Xeyr, istefa verməmişəm. Bu barədə çıxan xəbərlər həqiqəti əks etdirmir.

– Siz  “Kəpəz”in sabiq baş məşqçisi Şahin Diniyevin kadrı hesab olunursuz. Hələ Şahin Diniyev “Kəpəz”ə yeni təyin olunan vaxtlarda “Diniyev getsə, mən də gedərəm” ifadəsini işlətmişdiz. Bəlkə bu səbəbdən saytlar sizin istefanız haqda yazır?

– Gəlin, belə danışaq. Düzdü, mən o sözü demişəm. Ancaq hər bir kəlmənin öz anlamı var. Mən o sözü işlədərkən, həmin vaxt Şahin Diniyevin “torba”sını tikmək istəyirdilər. Yəni, belə bir məsələ çıxmışdı ortaya. Öz növbəmdə dedim ki, əgər bu yolla Şahin Diniyevi göndərsələr, mən də gedəcəm. İndiki vəziyyətdə Şahin müəllim qarşılıqlı razılıq əsasında istefa ərizəsini yazıb və işdən ayrılıb. Joze Mourinyonun belə işinə son verirlər. Əvvəl axır Şahin Diniyevin yerinə birisi gəlməlidi. Məşqçinin çamadanı hər zaman yanında hazır vəziyyətdə olmalıdı. Sözümün canı odu ki, Şahin Diniyev qovulmayıb, əgər qovulsaydı, onunla birgə mən də çıxardım. Üstəlik, o insan bilir ki, biz öz işlərimizdə yeni-yeni qədəmlər qoyuruq. O razı olmaz ki, mən işdən çıxım.

– Əsas komandanın yeni çalışdırıcısı Yunis Hüseynovla görüşmüsüz?

– “Kəpəz” komandasının bədbəxtçiliyi ondadı ki, əsas komanda Bakıda, əvəzedici heyət isə Gəncədə məskunlaşır. Hələ Şahin Dİniyevin vaxtında biz onunla oyundan-oyuna görüşürdük. Ona görə də, Yunis Hüseynovla yan-yana gəlmək fürsətimiz olmayıb. Yunis müəllimə də uğurlar arzulayıram. Yerlimizdi, Gəncə futboluna yaxın insandı. Azərbaycanın tanıdığı bir məşqçidi. Onunla futbol oynadığımız dövrlərdə də, məşqçi işlədiyimiz vaxtlarda da, hər zaman isti münasibətimiz olub. Şahin məllim də bizimkidi, Yunis müəllim də. Onların hər birinə uğurlar arzulayaq. Ancaq əsas “Kəpəz”in irəli getməyidi.

– Ancaq təəssüf ki, nə “Kəpəz”in əsas, nə də, əvəzedici komandası irəli getmir…

– Tamamı ilə razıyam. Yəni, mənim başçılıq etdiyim əvəzedici komanda ötən ilkinə nisbətən, axsayır. Səbəbi isə sizə belə izah edərdim: Gəlin, baxın, biz harda məşq edirik? Gəncə Təhsil Respublika İdman Mərkəzinin futbol meydançasında. Əvvəllər Samuxun Aşağı Ağasbəyli kəndində məşqlərimizi davam etdirirdik. Yolumuz uzun olduğu üçün, ora ilə əlaqəmizi kəsdik “Təhsil”in meydançasının ot örtüyü isə bərbad vəziyyətdədi. Bundan başqa, gəlin digər əvəzedici heyətlərin heyətlərinə baxaq. Hər birində 25-30 futbolçu var. Biz isə mövsümün əvvəlində 15 futbolçu ilə başladıq, onun da biri artıq getdi. 14 oyunçu ilə biz mövsüm keçiririk.Lakin mənim də burda məsuliyyətim var. Mən demirəm ki, bütün səbəblər bunlardı. Əgər komandam sonuncu yerdədisə, demək məndə də müəyyən günahlar var. 

– Niyə futbolçu qıtlığı var?

– Əvəzedici heyətə futbolçu cəlb etdiyimiz U-19 komandasından mövsümün əvvəli uşaq götürə bilmədik. 1 nəfər çağırdıq, o da ehtiyatda oturur.

– Səbəb?

– Çünki layiq olanı yox idi.  Biri var kəmiyyət, biri var keyfiyyət. Mən keyfiyyətə üstünlük verən insanam. Lazım olmayan futbolçularla heyəti doldurub, hər oyunu böyükhesabla uduzmaqdansa, az oyunçu ilə nəyəsə ümid etməyi seçdim.

– “Kəpəz”in U 19 komandası futbolçu yetişdirmək barədə düşünmür?

– Yox, sadəcə uzun müddət Gəncədə futbol olmadı. Arada çox fasilə yarandı. Bax onun acısını indi-indi biz yaşayırıq. 

– Az əvvəl meydança amilindən şikayətləndiniz. Gəncə şəhər stadionunun məşq meydançasına suni qazonun döşənməsi prossesi nə vaxt başa çatacaq?
– Söz veriblər ki, yaxın zamanda bu məsələ öz həllini tapacaq. Hazırda orda qazıntı işləri gedir. O meydançanı düzəltsinlər ki, biz də rahat məşq edə bilək. Meydança problemi öz həllini tapsın, nəticə istəsinlər, əgər o zaman da olmasa, danışmağa haqqları çatır. Bu kəsad heyətimizlə, bu çətin şəraitdə Sumqayıtda “Sumqayıt”la, Bakıda “Neftçi” və “İnter”lə, evdə “Qarabağ”la heç-heçə etmişik. “Qarabağ”ın əsas komandası haqda nəsə deməyə ehtiyac yoxdu. Ancaq onların əvəzedici heyəti cəmi bizdən 4 xal qabaqdadı və 6-cı sırada qərarlaşıb. Halbuki, hər cürə şəraiti olan komandadı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43