Ölkə futbolu

Samir Abasov: “Onu başa salmaq üçün həddindən çox hirslənirik”

“Antalyada yaxşı məşqlər keçdik. Toplanışı qənaətbəxş hesab etmək olar”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

O, klubun saytına açıqlamasında komandasının Antalya toplanışını dəyərləndirib:

“Hər 3 gündən bir yoxlama oyununa çıxdıq. 3 sınaq matçımız oldu. Antalyaya az oyunçu ilə gəlmişik. Ona görə də uşaqlar çox yükləndilər. Ancaq elə istədiyimiz də o idi ki, əsas heyət üzvləri daha çox güc sərf etsinlər. Yaxşı rəqiblərlə qarşılaşdıq. Deyə bilmərəm ki, futbolçulardan istədiklərimi tam aldım. Çatışmazlıqlarımız var. Onları da çempionat oyunlarında aradan qaldıracağıq. Oyunçu çatışmazlığımız da var. Təsəvvür edin ki, daima sol cinahda oynayan futbolçunu ortada oynamağa məcbur edirik. Bu da  futbolçuya ağır gəlir. Biz də onu başa salmaq üçün həddindən  çox hirslənirik. Futbolçularımız əllərindən gələni edirlər. Həqiqətən də çox ağır şəraitdə məşqlər edirik. Bəlkə də, yoxlama oyunlarında məğlub olmağımızın səbəbi yorğunluqdur. Çətin olanları yerinə yetirdik, ümid edirəm ki, bəhrəsini çempionatda görə biləcəyik”.

Qeyd edək ki, “Sumqayıt” bu gün Antalya toplanışı başa vuraraq vətənə qayıdacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43