İdman

Samir Zərgərov və Şadon Vinçestr arasındakı gərginliyin səbəbləri və yekun qərar! – RƏSMİ AÇIQLAMA

“Kəpəz”in iki üzvü –  Şadon Vinçestr və Samir Zərgərovun məşq sırasında mübahisə etməsindən xəbərdarsınız.

İdmanxeber.com-un məlumatına görə, “sarı göylər”in baş məşqçisi Yunis Hüseynov, bu gün əməkdaşımızla söhbətində legioner futbolçunun taleyi ilə bağlı irəliləyən vaxtlarda məlumat verəcəklərini bildirmişdi. Klub daxilində son vəziyyəti öyrənmək üçün mətbuat xidmətinin rəhbəri Azad Rəfi ilə danışdıq. “Kəpəz” rəsmisi ilk öncə gərginliyin hansı səbəbdən baş verdiyini izah etdi:

“Məşq sırasında, iki tərəfli oyun zamanı adı çəkilən futbolçular sürüşmə fəndi yerinə yetirdi. Ancaq hərəkət bir qədər sərt olduğundan oyunçularımız bir-birinə narazılıq bildirdi. Dərhal məsələyə müdaxilə edən baş məşqçimiz Yunis Hüseynov onları sakit oynamağa çağırdı. Yunis Hüseynov söylədi ki, hər ikisi bizim əsas futbolçularımızdı. Sərt sürüşmə fəndinin onların zədələnməyinə gətirib, çıxara biləcəyini xatırlatdı. Baş məşqçimiz belə məsələlərə həssas yanaşır.  Ona görə hər iki futbolçunu klubun nizam-intizam qaydalarına uyğun olaraq cərimələdi”.

– “Qarabağ”la oyun öncəsi Samir Zərgərov əsas heyətdə meydana çıxmışdısa, Şadon Vinçestrın adı “18”-likdə belə yox idi…

– Mən sizə oyundan əvvəl də Vinçestrın yoxluğunun səbəbini söyləmişdim. Bu yalan deyil, həqiqətən də qrip olduğu üçün adı iştirak ərizəsinə salınmadı. 

– Futbolçu özü isə bu gün yerli mətbuata açıqlamasında Yunis Hüseynovun ona qarşı haqsızlıq etdiyini bildirib. Bu barədə nə deyəcəksiniz?

– Mən hansısa saytda oxudum ki, guya Vinçestr “Kəpəz”dən ayırlıb, ölkəsinə qayıdıb. (gülür) Halbuki, qətiyyən belə bir şey yoxdu. Vinçestr bizim futbolçumuzdu, müqaviləsi var. Sizin sualınıza gəlincə, Yunis müəllim bu gün onunla şəxsən görüşdə və söhbət etdi. Soruşdu ki, belə bir açıqlamanı həqiqətən vermisən? Vinçestr məsələ ilə bağlı müsahibə verdiyini etiraf etdi, ancaq orada yazılanların bəzilərinin dedikləri ilə üst-üstə düşmədiyini bildirdi. “Ola bilsin, söylədiklərim fərqli mənada anlaşılıb” dedi.

– Vinçestr nə vaxt komandaya qoşulacaq?

– Sabah komandamızın məşqi var və Vinçestr məşq edən futbolçulardan biri olacaq. Onun göndərilməsi müzakirə mövzusu deyil. Yunis Hüseynov lazım bilərsə, o “Səbail”lə görüşdə meydana çıxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43