Ölkə futbolu

San Marinonun qapıçısı: “Azərbaycan yığması şanslı sayıla bilər”

“Azərbaycan yığması şanslı sayıla bilər. Amma biz də uğurlu nəticə üçün meydana çıxacağıq”. 

İdmanxeber.com-un məlumatına görə, bunu San-Marino yığmasının qapıçısı Aldo Simonçini deyib.

 

San-Marino DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində ilk oyununu sentyabrın 4-də Azərbaycan millisinə qarşı keçirəcək. Dünən 30 yaşını qeyd edən rəqibin qolkiperi FİFA-nın rəsmi saytına açıqlamasında millimizlə qarşıdakı matçı dəyərləndirib.

 

Simonçini yığmamızdan çəkindiklərini etiraf edib: “Azərbaycan millisi kağız üzərində favoritdi. Amma unutmayaq ki, bu, futboldu. Həmişəkindən daha çox risk edib, nəticə qazanmağa çalışacağıq. Ancaq bu o demək deyil ki, turnir cədvəlində Azərbaycan yığmasını qabaqlayacağıq. Komandada hələ boşluqlar var”.

 

2006-cı ildən yığmanın çərçivəsini qoruyan “Libertas” klubunun üzvü yığmasının ardıcıl məğlubiyyətlərinə də münasibət bildirib. O, bunu peşəkar hazırlıqla əlaqələndirib: “Heç kim məğlubiyyəti sevmir. Həmçinin biz də. Təbii ki, öz gücümüzə bələdik. Əksər ölkələrdəki futbolçularla bizim oyunçuların yaşayış tərzi fərqlidi. Peşəkarlığın da öz tələbləri var. Çempionatımızın səviyyəsi yüksək səviyyədə deyil ki, böyük komandalara oyunlarda nəsə edə bilək. Buna baxmayaraq, məşqlərdə əlimizdən gələni edirik”.

 

Qeyd edək ki, San-Marino – Azərbaycan oyunu sentyabrın 4-də Serravalle şəhərindəki 6664 nəfərlik tutuma malik milli stadionda keçiriləcək.(Apasport)

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43