Milli komanda

Şəhriyar Əliyev: “Həyəcanlı olduğumu deməzdim”

"Mövsüm başa çatdıqdan sonra milli komandanın heyətinə cəlb olunmuşuq. Burada yaxşı hazırlaşırıq, komanda ürəklə məşq edir. Təlim-məşq toplanışı çərçivəsində ABŞ yığmasıyla yoldaşlıq görüşü keçirəcəyik. Oyuna ciddi yanaşırıq. Bu yoldaşlıq görüşü Avropa çempionatının seçmə mərhələsindəki oyunlarımıza müsbət təsir edəcək".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri millimizin futbolçusu Şəhriyar Əliyev deyib.

AFFA-nın rəsmi saytına açıqlama verən Əliyev məsuliyyətinin daha da artdığını bildirib: "İlk dəfədir milli komandaya dəvət olunmuşam. Həyəcanlı olduğumu deməzdim. Ölkənin bir nömrəli komandasına dəvət almaq məsuliyyəti daha da artırır. Çalışacağam ki, mənə verilən bu şansdan maksimum yararlanım. Komanda üzvlərinin hamısı mənə dəstək olur. Ümumiyyətlə, mehriban kollektivimiz var. Bir ailə kimiyik. Burada hər şey çox gözəldir".

Qeyd edək ki, ABŞ – Azərbaycan oyunu sabah, Bakı vaxtı ilə saat 07:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43