Müsahibə

Səlahət Ağayev: “Bir adam yoxdu ki, gedək, ona etirazımızı bildirək” (MÜSAHİBƏ)

Premyer Liqanın XII turunda “İnter” səfərdə “Qəbələ”nin (1:1) qonağı olub.

İdmanxeber.com-un məlumatına görə, “İnter”in qapıçısı Səlahət Ağayev oyunsonrası jurnalistlərin suallarını cavablandırıb.verib.

– Oyun haqqında fikirlərini bilmək istərdik.

– Həmişə “Qəbələ”ylə oyunlarımız çətin keçir. Bu durumda onlardan 1 xal almağımız normaldı, məncə. Yaxşı oynadıq, 1 xala layiq idik.

– Oyunda azarkeşlərlə aranda gərginlik yaşandı. Bunun səbəbi nə idi?

– Azarkeşlər məni təhqir edirdilər, nalayiq ifadələr işlədirdilər. Biz də istəyirik ki, əməyimizə hörmət qoysunlar. Ona görə çevrilib onlara iradımı bildirdim. Mən də azərbaycanlıyam. Əgər futbolumuzu fikirləşirlərsə, belə etməsinlər.

– Komandada maliyyə durumu nə yerdədi? İrəliləyiş var?

– Vəziyyət əvvəlki kimi deyil. Hər şey bildiyiniz kimidir. Büdcəmiz aşağıdır.

– Bu vəziyyət nə vaxta kimi davam edəcək?

– Bu bizim işimiz deyil. Biz müqavilə ilə oynayan futbolçularıq. Meydana çıxıb öz işimizi görürük. Yanvara qədər gözləyəcəyik.

– Komanda 3 oyundu ki, qalib gələ bilmir.

– Biz bu vəziyyətdə 3 oyundu uduzmuruqsa, qəhrəmanıq.

– Klub prezidenti Georgi Nikolov açıqlamasında bildirdi ki, sentyabrın maaşı verilib. Oktyabrın pulları da ən qısa zamanda ödəniləcək.

– Hələ ki, bir xəbər yoxdu. Biz bir prezident kimi Georgi Nikolovdan dəstək görmürük. Bilirik ki, Beynəlxalq Bank maliyyələşdirir. Sağ olsunlar.

– Bəzi komanda yoldaşların bildirib ki, yanvarda sərfəli təklif gəlsə, komandadan gedəcəklər. Bəs sən nə fikirləşirsən?

– Mövsümün əvvəlində mənə təkliflər oldu. Ancaq mən “İnter” yetirməsi kimi, klubumu tərk etmədim. Kimsə getsə belə, heç kim onu qınaya bilməz.

– Ümumiyyətlə, komanda şəklində bu duruma hər hansı bir narazılığınızı bildirmisiz?

– Komanda şəklində toplantılarımız çox olub. Lakin bir adam yoxdu ki, gedək, ona etirazımızı bildirək.

– Komanda yoldaşların bildirmişdilər ki, maaşlar ödənməsə, bu oyuna çıxmayacaqsız, qərarınızı nə dəyişdirdi?

– Maaşımızı gec də olsa, aldıq. Həmişə 30 günün tamamında verilirdi pul. Bu dəfə gecikdi, 50 gün sonra aldıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43