Müsahibə

Səməd Nəsibov: “Biz gərək kimisə kiminləsə düşmən edək” (MÜSAHİBƏ, II hissə)

“Qəbələ”nin media və makretinq üzrə meneceri Səməd Nəsibovun İdmanxeber.com-a verdiyi müsahibənin II bölümünü təqdim edirik:

– 6 fərqli ölkədən komandalarla qarşılaşdınız. Bu komandalardan nə isə görüb-götürdüyünüz oldumu?

UEFA oyunları elədi ki, qurumun qoyduğu qaydalar, yol xəritəsi ilə gedirsiz. Çox şey standartdı. Təbii ki, işlərin tətbiqində ölkənin şərtlərinə, millətlərin xarakterinə uyğun xırda fərqliliklər var. Açığı görüb-götürdüklərimiz də oldu, bizdən də eynisini… 

–  Səməd, “Qəbələ”nin ən böyük problemi azarkeşləri ilə bağlıdı. İstər avrokubok, istərsə də daxili çempionat matçlarında  tribunalar dolu olmur. Bu ümumi problemdi. Ancaq misal üçün “Qarabağ”ın avrokubok matçları zamanı stadion dolu olur. “Qəbələ” bu problemi niyə həll edə bilmir?

Son günlərdə bu sualla çox tez-tez rastlaşıram. “Qəbələ” kimi klubların azarkeş problemi yaşaması təbiidi. İlk növbədə ümumi mənzərəni deyim sizə. Kiçik komandaların azarkeş problemi yaşaması normaldı. Elə dövrdə yaşayırıq ki, bir azarkeş evində oturub “El Klassiko”nu izləyə bilər. Ancaq onun üçün alternativ olaraq “Qəbələ” – “Sumqayıt” matçını qoyursuzsa təbii ki, həmin azarkeş heç zaman bizim oyunumuzu izləməz. Mən öz komandamızı örnək verdim. Eynisi digər komandalarımıza  aiddi. Bizim kimi komandaların həyatda qalma, yaşama strategiyaları olmalıdır. Bunu mətbuatda müqayisə eləmişəm. Siz gedib böyük marketlərdən hər şey tapa bilərsiz. Ancaq gəlib bizim məhəllə mağazalarında orda satıla biləcək hər hansı bir şeyi tapa bilmərsiz. Ancaq bir istilik hiss edərsiniz. Biz o məhəllə mağazasındakı kimiyik. Azarkeş bizə gəlmirsə, biz ona sarı getməliyik. Ümumi strategyiya budu. Bunun üzərində işləyirik, xüsusən də məktəblilərlə… Bu 2-3 aya nəticə verə biləcək bir məsələ deyil. Bunun üçün 4-5 il vaxt lazımdı. Yaxşı proyektlərimiz var. Tərs mütənasiblik var Biz 6-cı yerdə olanda azarkeş daha çox gəlirdi, indi isə tam əksi. Demək nə isə bir inciklik var və ya hər hansısa işimizi tam görmürük.

– Adətən azarkeş stadiona komandası nəticə verməyəndə gəlmir. Klub olaraq azarkeşlər üçün viktorinalar keçirir, pulsuz biletlər paylayırsız. Nəticə də göz qabağında. Səncə, azarkeşə başqa nə lazımdı ki, “Qəbələ” bunu edə bilmir?

Mən bilsəm çoxdan çarəsini tapmışdıq. Bu məsələlərlə bağlı yaxın günlərdə Qəbələdə olacam. Rayon ağsaqqalları ilə görüşürük, yerli özünü idarəetmə orqanları ilə görüşürük. Qısacası oturmuruq… Konkret qabağımıza bir iş planı qoyulub və buna uyğun işlər görəcəyik. 

–  Qəbələ stadionunun tribunalarının üstü açıqdı. Yayda günəş şüası, qışda isə yağış, qar… Bəlkə bu amil də azarkeşlərin tribunalara gəlməsinə mane olur?

Səbəblərdən biri ola bilər. Futbol azarkeşi olmaq əziyyət çəkmək deməkdi. 

– “Qəbələ”nin daxili arenada prinsipial rəqibi yoxdu. Misal üçün illər öncə “Neftçi” ilə aranızda problemlıər yaşanırdı və bu komandanın acığına sanki azarkeşləriniz klub yaxşı nəticələr qazansın deyə tribunaları doldururdular. Onda heç bu cür şərait də yox idi. Pinsipial rəqibinizin olmaması səbəblərdən biri ola bilər?

Çox yaxşı məqama toxundunuz. Komandaların azarkeş yığma baxımından əl atdıqları metodlardan biridi. Adətən komandalar prinsipial rəqiblərdən qidalanırlar, ya da yoxdusa belə bir rəqib yaradırlar. Bizdə ortam elədir ki… Biz gərək kimisə kiminləsə düşmən edək və ya hansısa klubla aramızı soyudaq. Əgər belə prinsipial komanda olacaqsa özü yaranacaq. Biz istəməklə də olmur.

– Avrokubok matçlarında onlayn bilet satışı təşkil etmədiz, kart sistemi də yoxdu. Gələcək üçün bu kimi məsələlər nəzərdə tutulubmu?

Bunların hamısını eləmək olar. Ancaq bu məsələlərdə bir işi hamıdan tez görməyiniz ən yaxşı addım sayılmır. Burada zamanlama önəmlidi. Məncə nə azarkeşlərimiz, nə futbol strukturlarımız bu yetkinliyə çatmayıblar.

Səxavət QURBANOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43