Kateqoriyasız

Seneqallı hücumçu “Qəbələ”nin tarixinə düşdü

“Qəbələ”nin seneqallı legioneri Viktor Mendi klubun tarixinə düşüb. 

İdmanxeber.com-un məlumatına görə, afrikalı hücumçu 2005-ci ildə ölkə kubokunda debüt edən komandasının bu yarışlarda yubiley – 50-ci qolunu vurub.

Bu top 1/4 final mərhələsinin “Qarabağ”la səfərdəki cavab oyununda həlledici olub və qonaqlara qələbə gətirib – 2:1. 9 mövsüm ərzində 36 qarşılaşmaya çıxan “qırmızı-qaralar” bu matçlarda 17 qələbə qazanıb, 11 heç-heçə edib və 7 dəfə uduzub. Rəqibləri “Qəbələ”nin 50 qoluna 30 topla cavab verib.
Mendinin qələbə qolu həm də seneqallını klub tarixinin ən məhsuldar futbolçusu adına şərik edib. 85-ci oyununda 20-ci qoluna imza atan hücumçu “Qəbələ”nin 9 illik tarixində ən çox top vuran Rövşən Əhmədova çatıb. Mendi 20 qoldan 18-ni Premyer Liqa, 2-ni kubokda vurubsa, Əhmədov 19 dəfə 1-ci dəstə, 1 dəfə kubokda fərqlənib. 
“Qarabağ”la matçda hesabı açan Daniel Subotiç də klub tarixinin ən yaxşı bombardirləri siyahısında mövqeyini yaxşılaşdırıb: Viktor Mendi, Rövşən Əhmədov – hər ikisi 20, Kənan Kərimov – 18, Yannik Kamanan – 17, Luis Hilario – 16, Deon Barton – 15, İbrahim Hüseynov, Vitali Balamestnı, Daniel Subotiç – hamısı 12, Rəşad Yusubov – 11, Samir Zərgərov – 10.
Dodo 95-ci, Mendi isə 85-ci dəfə “Qəbələ” formasında meydana çıxıb. Onların hər ikisi klub tarixində ən çox oyun keçirən “6-lıq”da yer alıb: Pavel Doroşev – 99, Abdulkader Kamara – 97, Dodo, Azər Həşimov – hər ikisi 95, Lyubo Baranin – 90, Viktor Mendi – 85. 
“Qəbələ səfər qələbəsi qazanmaqla rusiyalı baş məşqçisi Yuri Syominin rəhbərliyi altında 15-ci dəfə qalib gəldi. Premyer Liqada 26, kubokda 3 dəfə komandanı meydana çıxaran mütəxəssis bu yarışlarda müvafiq olaraq 13 və 2 dəfə yetirmələrinin qələbəsinə sevinib. Syominlə 29 matçda 15 qələbədən başqa, 6 heç-heçə və 8 məğlubiyyət qeydə alınıb. Bu görüşlərdə 40 qol vuran “Qəbələ” qapısında 26 top görüb.
Qeyd edək ki, 2007/08 və 2008/09 mövsümlərində Azərbaycan kubokunun yarımfinalına yüksələn “Qəbələ” 5 illik fasilədən sonra tarixində 3-cü dəfə finalın bir addımlığınadək irəliləyib.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43