Kateqoriyasız

Sərbəst güləşçilər yenə Olimpiadada iddialıdır

Güləş xalqımızın qanına hopmuş, ölkəmizdə ənənələri ən zəngin olan idman növüdür. Bu, nəticələrdə də bunu əks etdirir. Sözsüz ki, yarışların zirvəsi Olimpiya Oyunları hesab olunur. Olimpiadada qazanılan nəticəni nə dünya çempionatı, nə də Avropa çempionatındakı uğurlarla müqayisə etmək olar.

Bu səbəbdən olimpiya növləri hər zaman qeyri-olimpiya növləriylə müqayisədə çox böyük prestijə sahibdir. Güləş də onlardan biridir. Olimpiadanın ən qədim idman növlərindən biri olan güləşdə qazandığımız olimpiya medalları başqalarını xeyli üstələyir. Müstəqillik qazandıqdan sonra qatıldığımız 5 Olimpiadanın hamısında güləşçilərdən ən azı biri fərqlənib. Başqa heç bir idman növündə bu uğuru əldə etməmişik. İndiyədək 14 medal məhz bu növdən əldə olunub ki, bu baxımdan da güləş Azərbaycanda liderlik edir.

Maraqlıdı ki, qalan növlərdə cəmi 12 medal qazanılıb. Təkcə bu fakt ölkəmizdə güləşin hansı gücə sahib olduğunu aşkar göstərir. Heç bir idman növü güləşlə rəqabət apara bilmir. Böyük ehtimalla, bu Olimpiadada da ən çox medal güləşdən gələcək. 
Bildiyiniz kimi, Rio-2016-da 14 pəhləvanla təmsil olunacağıq. Güləşin 3 növü üzrə ayrıca proqnoz tipli yazı qələmə almaq qərarına gəldik. Bu yazını sərbəst güləşçilərə həsr edirik. Saypulla Absaidovun komandası maksimum heyətlə Olimpiadaya qatılır. Bütün kateqoriyalarda – 6 çəkinin hamısında lisenziya əldə edilib. Heyətdə yer alanların hamısı titullu idmançılardı və deməli, Braziliyada hər biri fəxri kürsüyə qalxa bilər.
Bu növdə çıxış edəcək güləşçilərimiz haqqında proqnozdan keçməzdən öncə bildirək ki, 1996-dan bu yana sərbəst güləşdə 6 medal əldə edilib. Atlanta-1996-da Namiq Abdullayev gümüş medal qazandı. O, 4 il sonra Sidneydə olimpiya çempionu oldu. Afina-2004-də güləşin bu növündə medal əldə etmədik. Pekin-2008-də Xetaq Qazyumovun “bürünc”üylə təsəlli tapdıq. London-2012-də Qazyumov eyni uğuru təkrarladı. Ancaq ən çox Toğrul Əsgərov və Şərif Şərifovun olimpiya çempionu olması yaddaşlara həkk olundu…

Toğrul Əsgərov

1992-ci ildə Gəncədə dünyaya göz açan pəhləvan potensialını 18 yaşı olarkən ortaya qoydu. Belə ki, 2000-ci ildə Əsgərov 55 kq-da dünya ikincisi oldu. London Olimpiadasına yollanmazdan əvvəl Belqradda keçirilən Avropa çempionatında 60 kq-da çempion olmaqla nəyə qadir olduğunu növbəti dəfə nümayiş etdirdi. Ancaq yenə də 20 yaşlı gəncin “əjdahalar”la mübarizədən qalib ayrılaraq olimpiya çempionu olacağını gözləyənlər məhdud sayda idi. Amma sən saydığını say, gör, Toğrul nə sayır. Əsgərov Almaniya, Yaponiya və ABŞ təmsilçilərinə qalib gələrək finala yüksəldi. Həlledici görüşdə 4 qat dünya çempionu Besik Kuduxova dərs keçən həmyerlimiz London-2012-də ilk olimpiya çempionumuz oldu. Gəncəli pəhləvan Londondakı uğurdan sonra bir müddət kölgəyə çəkildi. Gah babasının vəfatı, gah da zədəsi üzündən yarışlara qatılmadı. İctimai qınaq artdı. Yığmanın böyük məşqçisi Firdovsi Umudov da onu kəskin tənqid atəşinə tutdu. Bu, Əsgərov üçün dönüş anı oldu. Tənqiddən nəticə çıxaran Toğrul məşqlərinə daha çox diqqət ayırmağa başladı. Bunun nəticəsini isə Avropa Oyunlarında gördü. Bakıda keçirilən yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxan Toğrul dünya çempionatında hakim ədalətsizliyi ilə üzləşdi. Belə ki, Bakı-2015-in finalında “tuşe”ylə məğlub etdiyi Frank Çamizonun kürəyini iki dəfə döşəyə sıxsa da, referi nədənsə görüşü davam etdirdi. Yekunda qaradərili güləşçi xal hesabıyla qələbə qazandı. Olimpiadadan kimin güclü olduğunu sübut etmək mümkündür. Amma 65 kq-da kifayət qədər güclü güləşçi var. İxtiyar Novruzov (Özbəkistan), Soslan Ramonov (Rusiya), Əhməd Məhəmmədi (İran), Qanzoriqiin Mandaxnaran (Monqolustan), Franklin Qomes (Puerto Riko), Yoqeşvar Dutt (Hindistan), Məhəmmədmurad Hacıyev (Polşa), David Safaryan (Ermənistan) və Yakup Gör (Türkiyə) də Əsgərov və Çamizo kimi medallara iddialıdır. Bu çəkidə 21 pəhləvan Olimpiadanın son günündə – avqustun 21-də döşəyə çıxacaq.

Şərif Şərifov

1998-ci ildə də Mahaçqalada dünyaya göz açan idmançı 21 yaşından böyüklərin yarışında uğur qazanmağa başlayıb. Həmin il dünya üçüncüsü olan dağıstanlı güləşçi iki il sonra analoji yarışda bütün rəqiblərinə qalib gəldi. Qatıldığı iki Avropa çempionatında gümüş və bürünc medal qazanan Şərifov Londonda olimpiya çempionu olaraq şöhrət qazandı. Ancaq Olimpiadadan sonra o da Toğrul kimi gözdən itdi. Amma Şərif fərqli səbəbdən – çəkisini artırdığı üçün yığmadan kənarda qalmışdı. Belə ki, son olimpiya tsiklində 97 kq-da Xetaq Qazyumovla rəqabətdən məğlub ayrılan Şərifov bu səbəbdən bir çox nüfuzlu yarışa qatıla bilmədi. Olimpiya Oyunlarından kənarda qalmasın deyə yenidən əvvəlki çəkisinə qayıtması məsləhət görüldü. Görək bu dəfə Şərifov Londondakı uğurunu təkrarlaya biləcəkmi? 86 kq-da 19 pəhləvan tər tökəcək. Abdulraşid Sadullayev (Rusiya), Səlim Yaşar (Türkiyə), Əlirza Kərimi (İran), Reyneris Salas (Kuba) və İştvan Vereb (Macarıstan) çəkinin favoritləridi. Avqustun 20-də kimin ən güclü olduğu bilinəcək.

Cəmaləddin Məhəmmədov

Başqalarından fərqli, ən ağır çəkidə çıxış edəcək yığma üzvünün medal qazanmaq şansları yüksək dəyərləndirilmir. Düzdür, o iki dəfə Dünya çempionatının, iki dəfə isə Avropa çempionatının medalçısı olub.Bu amil ümidvericidir. Ancaq Məhəmmədovun Taha Akgül (Türkiyə) Bilal Maxov (Rusiya), Tervel Dlaqnev (ABŞ), Kamil Qasımi (İran) və Geno Petriaşvili (Gürcüstan) kimi usta güləşçilərlə rəqabətdən üzüağ çıxmaq şansları azdır. 20 pəhləvanın yer aldığı 125 kq-da mübarizə ayın 20-də baş tutacaq.

newsport.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43