Dünya futbolu

Şimali İrlandiya Bakının istisindən qorxur

Şimali İrlandiya yığması DÇ-2018-in seçmə mərhələsində millimizlə səfər oyun öncəsi isti hava şəraitindən ehtiyatlanır.

İdmanxeber.com-un məlumatına görə, komandanın baş məşqçisi Maykl O`Nil Bakıdakı iqlim şəraitinə uyğunlaşmaq üçün görüşdən əvvəl Türkiyədə dörd günlük təlim-məşq toplanışı keçirmək qərarı verib.

Bununla bağlı danışan M.O`Nil bildirib ki, millimizlə səfər görüşü isti havada keçiriləcəyindən “qrup mərhələsinin ən pis oyunu” adlandırmaq olar. Amma o, təqvimə uyğun olaraq, matça çıxacaqlarını və hər şeyin qaydasında olacağını söyləyib:

"Şərtlərdən çox da narahat deyiləm. Bunu futbolçularımda da görürəm. Onların hazırlığı və meydanda nəyə qadir olduqlarını göstərmə bacarıqları həqiqətən də yaxşı səviyyədədir. Xeyrimizə olan yeganə amil isə ilin bu vaxtında bir rəsmi oyun keçirməyimizdir".

Onil yığmamızla oyuna ciddi hazırlaşdıqlarını bildirib:

“Yeni Zelandiya ilə matçda əsas heyət üzvlərinin çoxuna şans veriləcək. Azərbaycanla oyunöncəsi bizim üçün vacib görüşdür. Azərbaycanla oyuna ciddi hazırlaşırıq. Qalib gəlsək, qrupun son 5 oyununa yüksək əhval-ruhiyyədə çıxacağıq. Amma heyətdə ciddi itkilər var. Əvvəlki oyunlarda bu qədər zədəlimiz olsaydı, uğur qazana bilməzdik. AÇ-2016-dan sonra Şimali İrlandiya millisi inkişafdadır, güclü futbolçularımızın sayı artıb. Fransadakı uğurdan sonra hədəfimiz DÇ-2018-ə vəsiqə qazanmaqdır. Bunu üçün qrupdakı oyunlarda yaxşı nəticə qazanmağa çalışacağıq”.

Xatırladaq ki, Azərbaycan – Şimali İrlandiya matçı iyunun 10-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43