İdman

Şimali İrlandiyanın baş məşqçisi: “Bu qrupda hər şey baş verə bilər”

“Erkən proqnoz vermək istəmirəm. Amma Çexiya yığması indi əvvəlki gücündə deyil”. 

İdmanxeber.com-un məlumatına görə, bunu Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl Onil deyib.

 

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan ada təmsilçisi ilk oyununu sentyabrın 4-də səfərdə Çexiyaya qarşı keçirəcək.

 

Şimali İrlandiya millisinin çalışdırıcısı yerli mətbuata açıqlamasında yer aldıqları C qrupunu dəyərləndirib. 47 yaşlı mütəxəssis çox çətin qrupa düşdüklərini söyləyib: “Burda hər şey baş verə bilər. Amma əminəm ki, insanlar Şimali İrlandiya millisinin nəyə qadir olduğunu artıq yaxşı bilir. Bizi məğlub etmək istəyən komanda çox yaxşı oynamalıdı. Avropa çempionatındakı çıxışımızla bunu göstərdik. Uşaqlar artıq heç bir rəqibdən çəkinmirlər”.

 

Onil bu il seçmə mərhələ çərçivəsində keçirəcəkləri 4 görüşün hər birində qələbə qazanmağı hədəflədiklərini əlavə edib: “Bütün komandalar seçmə mərhələyə uğurlu start götürmək istəyirlər. Biz də Çexiya üzərində qələbə qazanıb, yarışa 3 xalla başlamaq arzusundayıq. Bu, San Marino, Almaniya və Azərbaycanla ilin növbəti görüşləri öncəsi çox vacibdi. Xüsusən də, San Marino və Azərbaycanla ev matçlarında xal itirməyə haqqımız yoxdu”.

 

Qeyd edək ki, C qrupunun ilk turunda San Marino Azərbaycanı, Çexiya Şimali İrlandiyanı, Norveç isə Almaniyanı qəbul edəcək. Hər 3 qarşılaşma sentyabrın 4-də baş tutacaq.(apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43