Kateqoriyasız

Simeon Slavçev: “Hazırda klubda xaos hökm sürür”

Simon Slavçev ölkəsinin Milli televiziyasına müsahibə verib.

– Bu yay karyeranızda yeni səhifə açdınız. Niyə məhz “Qarabağ”ı seçdiniz?

– Açığı, bu, çox düşünülmüş və riskli addım idi. Əgər Avropa Liqasında qrupa düşməsəydik, bu, elə də uğurlu keçid olmayacaqdı. Amma mən Avropada oynamaq və Simeon Slavçevin kim olduğunu göstərmək üçün bu riskə getdim.

– Bu komandada özünüzü necə hiss edirsiniz? Onlar sizi yaxşı qarşıladılar?

– Başlanğıc çox ümidverici oldu. “Qarabağ”da xoşbəxtəm. Deyə bilərəm ki, tam istədiyim yerə getmişəm. Çünki sabit oynayıram. Komandada yaxşı futbolçular var. Onlarla birlikdə Avropa Liqasının qrup mərhələsində “Sportinq”ə qarşı layiqli oyun göstərmək istəyirəm. Bu, mənim əsas hədəfimdir. Həqiqən “Sportinq”lə düşməyi arzulayırdım.

– “Sportinq”də qalmağınıza nə mane oldu?

– Hazırda klubda xaos hökm sürür. Vaxtında mənim gələcəyim və oyunçu keyfiyyətlərimlə bağlı yanlış qərarlar verildi. Azarkeşlərə necə futbolçu olduğumu göstərmək üçün mənə şans vermədilər. Razılığım olmadan haqqımda verilən qərarlar özümü sübut etməyimə mane oldu. Halbuki hər zaman “Sportinq”də oynamaq üçün yaxşı futbolçu olduğumu düşünmüşəm. İndi isə özümü göstərmək üçün əlimə əla fürsət düşüb.

– Bu mənada “Liteks”dən “Sportinq”ə keçdiyinizə görə təəssüflənirsiniz?

– Bu müddət ərzində çox şey öyrəndim. Ona görə də düşünürəm ki, heç nəyə görə təəssüflənməli deyiləm. Düzdür, bir az da inkişaf edib, daha fərqli yerlərdə ola, Bolqarıstan futbolunda daha dərin iz buraxa bilərdim. Həmin vaxt çox gənc və perspektivli futbolçu hesab olunurdum. Öz güclü tərəflərimə və imkanlarıma yaxşı bələd idim.  (qol.az)

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43