Ölkə futbolu

“Simurq” – AZAL: Məşqçi fikirləri

Azərbaycan Premyer Liqasının XXVII turu “Simurq” üçün uğurlu alındı. George Çixradzenin rəhbərlik etdiyi komanda Zaqatalada AZAL-ı 1-0 hesabı ilə məğlub etdi.

George Çixradze (“Simurq”un baş məşqçisi): “Çətin və gərgin oyun alındı. Matçın 1-ci dəqiqəsindən sonuncu dəqiqəsinə qədər hesabın dəyişməsi təhlükəsi vardı. Oyunçularım bu görüşün mahiyyətini dərk edirdilər. Çünki qazanılacaq qələbə bizi turnir cədvəlinin 4-cü pilləsinə yüksəldəcəkdi. Çempionatın sonuna qədər bu pilləni qorumalıyıq ki, Avropa Liqasına yollanaq”.  
Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Hər iki komandanın ifasında mübarizəli oyun getdi. Futbolçulara demişdim ki, bu tip oyunlarda görüşün taleyini bir səhv həll edir. Rəqib şanslarından daha yaxşı yararlandı. Biz penaltini dəqiq yerinə yetirsəydik, hər şey  fərqli ola bilərdi. Məğlubiyyətə görə günah məndədir. Yəqin ki, komandanı oyuna yaxşı kökləyə bilməmişəm. Futbolçuların mübarizəsindən razıyam. Bizim hələ ki, şansımız var. Çətin oyunlardan qalib ayrılıb, məqsədə çata bilərik. Oyunda verilən penalti qərarlarına gəlincə, bu barədə geniş danışmaq istəmirəm. Epizoda daha yaxın olan şəxs hakimdir. Onun işinə isə müvafiq qurumlar qiymət verir”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43