Ölkə futbolu

“Simurq”a “Qəbələ” ilə matç öncəsi şad xəbər

Bugün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşması çərçivəsində “Simurq” doğma arenada “Qəbələ”ni qonaq edəcək.

İlk görüşdə səfərdə rəqibini 3:0 hesabı ilə məğlub etməyi bacaran komanda bu gün hazırlıqları tamamlayıb. Qarşılaşmanın keçiriləcəyi vaxtda son məşqinə çıxan Zaqatala təmsilçisi bir saata yaxın davam edən çalışmaya isinmə hərəkətləri ilə başlayıb. Daha sonra qısa ötürmələr və qruplara bölünərək “kvadrat” oynanılıb. İkitərəfli oyundan sonra qapıya zərbələr, cinahlardan asmaların qapanması yerinə yetirilib. Bundan sonra hazırlıqları tamamlayan “Simurq”, istirahətə çəkilərək görüşün başlama vaxtını gözləməyə başlayıb.

Görüşə tam heyətlə hazırlaşan “sarı-qaralar”da uzun müddətdir zədədən əziyyət çəkən Əli Gökdəmir artıq komanda ilə birgə məşqlərə qoşulub. “Qəbələ” ilə cavab qarşılaşmasında yalnız sarı vərəqə limitini dolduran Samir Zərgərov iştirak edə bilməyəcək.

Sabah saat 17:00-da start götürəcək qarşılaşmanı Ramil Diniyev idarə edəcək. Qarşılaşma “Simurq TV” vasitəsilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43