Kateqoriyasız

“Son dəqiqələri yada salanda çox üzülürəm”

“Qarabağ”ın necə güclü kollektiv olduğunu hamı bilir. Ancaq biz görüşə çox yaxşı köklənmişdik”.

Bu sözləri “Rəvan”ın futbolçusu Sebastyan Kastro-Telyo deyib.

 Premyer Liqanın VI turunun “Qarabağ”la oyununda hesabı açan və 1:1 hesablı heç-heçədə komandası üçün pay sahibi olan legioner matç haqda fikirlərini açıqlayıb: “Oyunöncəsi tapşırıqları yaxşı dərk etdiyimizdən rəqiblə bərabər mübarizə apardıq. Düzdür, onların qol imkanları çox oldu. Ancaq əsas nəticədir. Bütün komanda yaxşı mübarizə apardığından sonda xalsız qalmadıq. Son dəqiqələrdə qol buraxdığımızı yada salanda çox üzülürəm. Qələbəyə çox yaxın idik. Hətta deyərdim ki, 2 xal itirdik, nəinki 1 xal qazandıq. Ancaq yenə də nəticə gələcək üçün nikbinlik vəd edir. Bu uğurlu nəticələrin ardını gətirməyə çalışacağıq”.

Sebastyan klubun rəsmi saytına açıqlamasında bildirib ki, nəticələrimə görə sevinir: “Amma əsas olan şey komandanın qələbə qazanmasıdır. Düzdür, hər dəfə qol vurduqca, məhsuldar ötürmələr verdikcə özünəinamım xeyli artır. Bununla belə, komanda uğuru hər şeydən öndə gedir. Çalışacağıq ki, növbəti oyunlarda da ən azı bu matçda olduğu kimi mübarizə aparaq. Belədə nəticə də özü gələcək. Artıq yeni futbolçular komandaya demək olar, tam uyğunlaşıb. Tədricən hər şey qaydasına düşəcək. Hər yeni oyunda daha yaxşı oynayırıq. Ümid edirəm ki, bu davamlı olacaq və öz oyunumuzu tapdıqdan sonra yüksək yerlər uğrunda mübarizəyə qoşulacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43