Köşə yazıları

Sözünün ağası olmaq

Bizim klub funksionerlərinin bircə özündən danışmaqları, boş-boş vədlər vermələri olmaya. Vallah belə pis insanlar deyillər.

Həyat yalanlar üzərində qurulub. Hələ bu futbol ictimaiyyətinin yalansız günü olmasın… Şirin, acı – yalan sonucda yalandı.

Nə isə, sözümün canından bəhs edim sizə. 8 ildir ki, fəaliyyət göstərən və nəticəsi olmayan “Qəbələ” qış fasiləsinə bir neçə tur qalmış Dorinel Munteanunu komandadan göndərdi və boş qalmış posta Roman Qriqorçuk gətirdi. Elə hər şey də bundan sonra başladı:

“Gedənlər olsa, onların yerinə transferlər olacaq. Amma baş məşqçinin futbolçu gətirməsi kimi bir şey olmayacaq"

Bu fikirləri təqribən bir ay öncə "Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov idman portallarının birinə açıqlamasında demişdi. Qısacası artıq "gələn gəldiyi yerdən kimisə gətirə bilməz"ə vurulan işarə idi. Təbii ki istisnalar xaric…

Lakin bu açıqlamanın üstündən dediyimiz kimi çox keçmədi ki, Qriqorçuk gəldiyi yerdən gətirdi. Özü də… Tamı tamına 3 futbolçu

“Qəbələ” klubu qış transfer pəncərəsi dönəmində 4 futbolçu transfer edib ki, bunun da 3-ü Ukraynanın "Çernomorets" klubunun bağının meyvələridir. O "Çernomorets" ki, bu bağın sabiq bağbanı olan Qriqorçuk hal-hazırda qəbələlilərin viranə qalmış bağına bağbanlıq edir.

O zaman sual çıxır ortaya , niyə "transferlərimizi özümüz edəcəyik, məşqçinin futbolçu gətirməsi kimi bir şey olmayacaq" –  kimi fikirlər səsləndirilirdi? Nə idi sizi vadar edən?

"Çernomorets”in 3 futbolçusunu sizmi gözaltı etmişdiniz, yoxsa…? Hələ bir ayağı “Qəbələ”nin düşərgəsində olan Mixail Sivakı demirəm, bununla 4 edir… 

Bu transfer pəncərəsində gətirdiyiniz legionerlər hamısı "Çernomorets"dən oldu. Az qala "Çernomorets"i "Qəbələ"yə daşıdınız.
Yaxşı və ya pis oyunçulardı, bu başqa mövzudu.  Fakt faktlığında qalır ki, siz elə məşqçinin dediyi, istədiyi, bəlkə də əmr etdiyi futbolçulara üz tutmalı oldunuz. Bircə deməyin ki, biz də onları bəyəndik, falan… Hər halda bu qədər təsadüf olmaz. "Niujelni" ki, sizin bəyəndiyiniz bir başqa klubdan legioner olmadı?

Hər halda "Qəbələ"yə çox gəlib-gedən, azarkeşlərin hissləri ilə oynayıb nəticə verməyənlər olub. Qriqorçuku bu siyahıya salmağa tələsmək istəmirəm. Amma çox da olub ki, hərə öz "lyubumçikləri"ni yığıb gətirib və boş yerə pullar sovurulub havaya. 

Maraqlıdı, baş verən bu qədər hadisələrdən klub prezidenti Tale Heydərovun xəbəri varmı? İnanırıq ki, yoxdu. Hər halda xəbəri olsaydı vəziyyət bu həddə çatmazdı.

Artıq düşünmək zamanıdı. 10 ilin "Xəzər Lənkəran"ı, "İnter"i çempionluqlar, kuboklar görüb. Sizsə hər gün bir təqdimat keçirirsiniz.

P.S."İnanırıq", "güvənirik", "yaxşı olacaq"-ların davamına bir də "göndəririk", "heç nədən pullar gedir"-ləri də əlavə etsəz bəlkə azarkeşlərin rəğbətini 1% belə olsa qazana bilərsiz. Səmimiyyət var ortalıqda… Ona görə dedim. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43