Müsahibə

“Spartak”ın futbolçusu: “…Azərbaycanı seçəcəm” – MÜSAHİBƏ

"Spartak"ın «Krılya Sovetov»a  icarəyə verdiyi azərbaycanlı futbolçu Emin Mahmudovun müsahibəsin təqdim edirik:

Deyəsən, işlərin qaydasına düşür…

– İndi yaxşıdı.

Üç turdu ki, oynayırsan. Nə yaxşı?

– Aleksandr Çıqankov sözünü tutur. Mənə güvənən, meydana buraxan odu.

Birinci turda doğma komandan “Spartak”a qarşı oynadın. Sonra elə bil ki, göz dəydi sənə. Nə baş verdi ki, bir də meydana çıxmaq üçün aylarla gözləməli oldun?

– Özüm də bilmirəm.

Bəlkə səmimi olasan?

– Yox, kimdən çəkinəsiyəm ki?

Neçə vaxtdı ki, səni axtarırdıq.  Olmaya depresiyaya düşmüşdün?

– Depresiya?.. Mən peşəkar futbolçuyam və bu cür hallarla işim yoxdu. Sadəcə, oynamamağım mənə pis təsir etmişdi. Gözlədim və şans gəlib mənə də çatdı.

Çempionatın açılış həftəsində forma geyindin. İkinci oyunun 17-ci turda “Ural”a qarşı oldu. “Krasnodar” və “Volqa” ilə matçda isə əsas heyətdə yer aldın. Yüksəlişdəsən?

– Şükür Allaha, elədi! Özüm də hiss edirəm ki, oyundan-oyuna artırıram. Çıqankovun etibarı mənə başqa həvəs verir. İki gənc var əsas heyətdə. Mən və İbrahim Çallaqov. Onunla yarımmüdafiənin mərkəzində bir-birimizi yaxşı başa düşürük. Son turda “Volqa”ya səfərdə qalib gəlməyimizdə ikimizin də böyük əməyi oldu. Yoxsa Andrey Karyakanın qarşısını almaq çətin məsələdi. Biz bunu bacardıq.

18-ci turda “Krasnodar” üzərində qazanılan qələbədən sonra Çıqankov maraqlı açıqlama verib, oyununu xüsusi dəyərləndirib. Bu haqda özünə heç nə deməyib?

– Oxumuşam dediklərini. Açığı, Çıqankovun bu müsahibəsi məni çox sevindirdi. Çünki bu dəqiqə mənə oynamaq lazımdı. Bir ara ümumiyyətlə oynamırdım. O qədər futboldan küsmüşdüm ki, heç əvəzedici heyətdə də oynamırdım. Ancaq indi şükür Allaha, əvvəlki kimi oynayıram. Davamlı oynayacağıma inanıram.

“Spartak”a qayıtmaq istəmədiyini bildirmisən. Fikrin qətidi?

– Məni Moskvada incidən yoxdu. Demişəm ki, karyeram üçün Samarada qalmağım yaxşıdı. “Spartak”la müqayisədə bu komandada oynamaq şansı yaradırlar mənə. Moskvaya qayıtsam, ilboyu 2-3 dəfədən artıq oynatmazlar.

Halbuki “Saturn”dan “Spartak”a gəldiyin birinci mövsümdə 12 matç keçirmişdin…

– “Saturn”dan hazır gəlmişdim. Zarafat deyil, çempionatda 21 oyuna çıxmışdım. O vaxt başqaydı, indi başqa.

İcarə müddəti bitəndən sonra edəcəksən?

– “Krılya Sovetov”da qalmaq istəyirəm. Ən azından oynayıram. “Spartak” da yəqin buna qarşı çıxmaz. Oynasam, onların özünə də yaxşıdı. Hara getsəm də, «Spartak»a məxsusam.

Komandan ilk dövrəni 11-ci pillədə başa vurdu. Rəhbərlik razıdı, ya narazı?

– Yaxşı başlamamışdıq çempionata. Get-gedə komanda düzəlir. Özü də indi oyunumuzu tapmışkən,  fasilə yaranmasının heç yeri yox idi. Bir də gələn il oynayacağıq. Ona kimi də necə olacaq, bilmirəm.

Bu günlərdə qardaşınla danışdım…

– (təəccüblə) Elçinlə?

Elçinlə.

– Niyə ki?

Sənin haqqında danışırdıq.

– Nə dedi?

Milli komanda mövzusunda. Hansı ölkəni seçməyindən danışırdıq

– … (cavab gəlmir)

Deyir ki, heç ona da zəng etmirsən.

– (gülür) Düz deyir. Vaxtım olmur, zəng edə bilmirəm. Ancaq uzun müddət deyil. Bir az olar danışmışam qardaşım və ailəmlə.

3-4 ildi seçim etməmisən, qərar verməmisən ki, Rusiyanı, ya Azərbaycanı seçəcəksən?

– Bu sualı mənə veriləndə nəsə kefim qaçır.

Niyə ki?

– Çünki bu mövzunu fikirləşmək istəmirəm. Elə deyə-deyə axırda Rusiya «olimpiyski»si də məni çağırmadı. O qədər dediz ki… (gülür).

 Gülməlidi?

– Zarafat edirəm. Oynamadım deyə, çağırmadılar. Ancaq məşqçilər hələ də maraqlanır.

Dəvət gəlsə, yenə Azərbaycandan imtina edəcəksən?

– Mənə indi təklif gəlməyib, bu bir. İkincisi də hələ ki, bu haqda danışmaq istəmirəm. İndi bütün fikrimi yönəltmişəm “Krılya Sovetov”dakı çıxışıma. Milli ikinci pillədədi mənim üçün.

“Qəbələ” və “Neftçi”nin maraqlandığı deyilir səninlə.

– “Qəbələ” və “Neftçi”? Kim deyib sizə?

– Nə fərqi…

– Hər iki klubun Azərbaycanda iddialı olduğundan xəbərim var. Ancaq bu barədə məlumatım yoxdu. Bəlkə menecerimə, ya kluba müraciət edilib özümə deməyiblər.

Milliylə ilə maraqlanmırsan?

– Rusiya ilə 1:1-ə baxırdım. Yaxşı təsir bağışladı komanda.

Aleksandr Səmədovu gördün?

– Azarkeşlər oyunboyu fitə basdı və söydü

Sən də onun gününə düşmək istəməzsən yəqin…

– Mən hələ bilmirəm Azərbaycanı seçəcəm ya da Rusiyanı. Açığı, indi Rusiyadan təklif yoxdu. Bayaq da dediyim kimi, kluba fikrimi yönəltmişəm. Səmədovu oyundan əvvəlki sözünə görə fitə basırdılar. Lap Rusiyanı seçsəm belə, o cür danışmaram.

Berti Foqts qaldı. Xəbərin oldu?

– Lap yaxşı, uğurlar arzu edirəm!

sportinfo.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43