Müsahibə

Suala sualnan cavab verdi: “Altı ay futbol oynamasaydım, “Xəzər Lənkəran” məni qaytaracaqdı?” – MÜSAHİBƏ

"Qəbələ"nin futbolçusu Elnur Allahverdiyev "Neftçi" ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Oyun bir müddətdir ki, başa çatıb. Ancaq sən paltardəyişmə otağını lap axırda tərk etdin. Bu qədər gec çıxmağınızın səbəbi nədi?

– Məğlub olmuşuq, çox dilxoram. Karyeramda çox oyunlar keçirmişəm, amma bu qədər məyus olmamışdım. Belə qol buraxmaq olmazdı. Fikrimcə, biz “Neftçi”dən daha yaxşı oynadıq. Düzdü, biz azlıqda qalandan sonra rəqibin imkanları oldu. Lakin həmin epizodlara qədər kifayət qədər yaxşı çıxış edirdik.

– Subotiç real qol imkanını dəyərləndirə bilmədi. Məğlubiyyətin səbəbini özünüzdə niyə axtarmırsız?

– Əlbəttə, səhvimiz var. Həmin epizodu vura bilmədi deyə, hamı Subotiçin üstünə düşməyəcək ki. Ötən turda da biz 90+4-cü dəqiqə qol vurub, qələbə qazandıq. Baş məşqçi hər kəsin səhvini deyəcək. Məncə, matçın ədalətli nəticəsi heç-heçə idi.

– "Neftçi"ni məğlub edib liderliyə yüksələcəkdiniz…

– Çox təəssüflənirəm. Özü də 90+4-cü dəqiqədə uduzmaq, adamı məyus etməyə bilməz. Hakim Mahir Şükürova qırmızı vərəqə verməli idi. Həmin hərəkəti mən etsəydim, dərhal cəzalandırılacaqdım və deyəcəkdilər ki, Elnur yenə intizamsızlıq edib.

– Həm “Qarabağ”, həm də “Neftçi” ilə görüşlərdə azarkeşlər ünvanınıza təhqiramiz ifadələr işlətdilər. Sizə qarşı niyə bu cür aqressivdirlər?

– Bilmirəm. Mən onlara nə etmişəm ki? Öyrədilmiş adamlardı…

– Onlara kim elə tapşırıq verə bilər ki?

– Elə həmin klubların rəsmiləri. Məni niyə söyməlidirlər? Millinin oyunçusuyam, meydana çıxanda əlimdən gələnin ən yaxşısını edirəm, sona qədər mübarizə aparıram. Azərbaycanlı oğluyam. Məni özümdən çıxaranda nə qazanacaqlar? Düz etmirlər…

– Əvəzində “Qəbələ” azarkeşləri də Mahir Şükürovu söydülər…

– Nə deyim… Gördülər ki, məni söyürlər, onlar da cavab verdilər.

– Yeri gəlmişkən, Mahirlə mübarizə zamanı əvvəlcə aqressiv hərəkət etsəniz də, sonradan əl verib görüşdünüz. Münasibətləriniz necədir?

– Həmin epizod zamanı Mahir açıq ayaqla üstümə gəldi. Gövdəmlə hərəkət etməsəydim, ciddi zədə ala bilərdim. Futbolda belə şeylər qaçılmazdır.

– Premyer Liqada fasiləyə bir tur qalıb. Fasilədən sonra karyeranızı hansı klubda davam etdirəcəksiniz?

– Hələ heç nə dəqiqləşməyib. “Bakı” ilə oyundan sonra bilinəcək. “Xəzər Lənkəran”dan ayrılan zaman demişdilər ki, baş məşqçi dəyişsə, səni geri qaytaracağıq. İndi bu məsələni klub rəhbərləri həll edəcəklər. Yekun qərarı mən verəcəyəm.

– Fikrinizdə hansı komandanı tutmusunuz?

– Hər zaman iddialı komandalarda çıxış etmişəm. Karyeramın ən yaxşı illərini isə “Xəzər Lənkəran”da keçirmişəm. 4 il bu komandanın formasını geyinmişəm. Ancaq bu, hər şeyi həll etmir. Mənə qarşı haqsızlıq etdilər. Həmin vaxt “Qəbələ” olmasaydı, deməli, bu vaxta qədər futbolsuz qalacaqdım. 6 ay futbol oynamasaydım, “Xəzər Lənkəran” məni qaytaracaqdı? Xeyr, qaytarmayacaqdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43