Ölkə futbolu

“Biz 4:1, 5:0 udulası komanda deyilik” – Şahruddin Məhəmmədəliyev

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədliyevin idmanxeber.az saytına müsahibəsi

-Mövsümü çempion kimi tamamladınız. Əvvəlcə bu barədə fikirlərini bildirərdin…

-Çempionluq həmişə xoş hisslər verir insana. Özü də bu qədər çətin mövsümün sonunda. Açığı, mənim üçün çox çətin il oldu. Şükürlər olsun ki, çəkdiyimiz əziyyətin nəticəsini aldıq. Həddən artıq çox çalışırıq, bunun bəhrəsini görmək çox xoşdur.

-Bu il də vaxtından əvvəl çempion oldunuz. Mövsümün çox çətin keçmədiyini demək olar?

-Asan çempionluq olmur. Bütün qalibiyyətlərin arxasında çətin məşqlər və əziyyətlər durur. Əsasda bizim məşqçilərlə rahatlaşmaq mümkün deyil. Çünki hər zaman çalışmalı, inkişaf etməlisən. İstər avrokuboklar olsun, istər daxili birincilik olsun bütün oyunlar çətindir. Bu il daha çox oyun keçirdiyimizi nəzərə alsaq, çempionluğun digərlərindən daha çətin olduğunu demək olar. Bu, qazandığım 7-ci çempionluqdur, getdikcə daha da çətinləşir bu titulu qazanmaq. Qarşıda millinin də vacib oyunları var. Estoniya ilə önəmli matçımız olacaq. Özümüzə gəlməliyik. Sübut etməliyik ki, biz 4:1, 5:0 udulası komanda deyilik. Ona görə də daha çox çalışıb azarkeşlərin sevgisini geri qaytarmalıyıq.

Zədən barədə məlumat verərdin. Tam olaraq sağalmısan, yoxsa hələ ağrılar qalıb?

-Ağrılar hələ də var. Ancaq “Səbail”ə qarşı ilk oyun oldu ki, ağrıkəsicisiz meydana çıxdım. Getdikcə yaxşılaşıram. Ancaq qolumda hələ də mil var. Bu da əl üçün diskomfort yaradır. Çətin anlarda əlimi gücə salan kimi ağrı verir. Ancaq gün keçdikcə və hər oyundan sonra yaxşılaşıram.

-Azarkeşlər artıq “Qarabağ”ı Konfrans Liqası, Avropa Liqasının qruplarında yox, Çempionlar Liqasında izləmək istəyirlər. Səncə, yenidən ÇL-yə qatıla biləcək komanda?

-Biz də bunun üçün çalışırıq. Hər dəfə çempion olanda qarşımıza ÇL-nın qrup mərhələsinə çıxmağı məqsəd qoyuruq. Sadəcə hər dəfə nəsə çatmır. Bu il də yenidən hər şeyə sıfırdan başlayacağıq və bu məqsəd üçün çalışacağıq. Bizim çox yaxşı komandamız var. Sizi inandırım ki, bizim əsas məqsədimiz azarkeşlərimizi, bizi sevənlər sevindirməkdir. Bu il də bu məqsədlə döyüşəcəyik. İndi dünyada futbol elə səviyyəyə çatıb ki, hər kəs oynayır və çalışır. Bu səbəbdən də bir yerdə dayanmaq olmaz. Dəyişməlisən, inkişaf etməlisən və böyüməlisən. Bizimdə əsas məqsədimiz budur.

Xəyal Hüseynov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43