16 Sentyabr 2024
Ölkə futbolu

Şükürov bu dəfə bacardı, sonra?

Noyabrın 13-də onun “Kəpəz”ə təyinatı bir çox sualları açıq buraxmışdı. Faktiki olaraq sponsoru, stadionu, hətta avtobusu olmayan (daha sonradan bu problem öz həllini tapdı) bir klubu yalnız dövlətdən gələn dotasiya ilə Premyer Liqada (PL) saxlamaq olduqca çətin bir proses idi. Hətta özünün uzun müddət idi PL-da hansısa klubu çalışdırmaması belə reallıqları dəyişdirə bilmədi.

Bəli, söhbət qısa zamanda öz oyun üslubunu komandasına aşılaya bilən Adil Şükürovdan gedir. O Şükürov ki, turnir cədvəlinin zirzəmisindən götürdüyü komandanı PL-da saxlamağı bacardı. Özü də, gəncəli azarkeşləri çox həyəcanlandırmadan, məsələni son turlara buraxmadan…

Klubun əldə etdiyi nəticələrlə yanaşı, meydanda sərgilənən futbol da göz oxşayır. Hansı ki, büdcə normal olsa, klub öz oyunlarını doğma publika önündə keçirə bilsə, əlindəki material daha keyfiyyətli olsa, Şükürovun daha yaxşılarını edə biləcəyinə şübhə yeri qalmır. Faktiki olaraq yuxarıda sadalanan nüanslarda klubun bir neçə addım digərlərindən geri qalmasına rəğmən hələ də PL-da qalması möcüzəyə bərabərdi. Bu mövsüm büdcəsi avrokuboklara oynayacaq səviyyədə olan, lakin Gəncə klubunu mövsümün yekununda cəmi 1 xal qabağlayan “Araz Naxçıvan” 4 matçın 3-də Şükürovun komandasına boyun əyib. Bu fakta əsaslanaraq deyə bilərik ki, əsas kəmiyyət yox, keyfiyyət ön plana çıxır. Lakin nə vaxta kimi?

Fikri qısa və konkret ifadə etsək, hər halda sponsorsuz komandanın 2 ildi elitanı tərk etməməsi ortada bir əməyin göstəricisidi. Lakin normal büdcən olmadısa, bu, hər dəfə belə ola bilməz. Mütləqdir ki, komandaya kimlərsə sahib çıxsın, klubun maliyyə dayaqları artırılsın. Bu və ya digər formada normal büdcə formalaşdırıla bilsin. Əks halda, “Kəpəz” üçün bu mövsüm Premyer Liqada son olacaq.

Səxavət QURBANOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43