Premyer Liqa

“Sumqayıt” – “İnter”: məşqçi fikirləri

Topaz Premyer Liqasının 25-ci turunda “İnter” səfərdə “Sumqayıt”ı minimal hesabla məğlub etdi. Oyunun yeganə qolu Vaqif Cavadovun aktivindədir – 1:0.

Kaxaber Sxadadze, “İnter” klubunu baş məşqçisi: “Mövsümün əvvəlində ilk 7 oyundan 6-da məğlub olub, son pillələrdə idik. İndi isə uğurlu çıxışla 3-cü pilləyədək yüksəlmişik. Görülən işə görə komandaya minnətdaram, avrokuboklara düşmək üçün əlimizdən gələni etməliyik. Rəqib son 3 oyunda qapısından qol buraxmamışdı. “Neftçi”ni məğlub etmişdi, “Bakı” ilə oyunda azlıqda qalsa da, heç-heçə oynamışdı. “Sumqayıt”ın baş məşqçisinə təşəkkür etmək lazımdır, o, komandanı doğru yöndə aparır. Gənc futbolçulara düzgün oynamağı öyrədir. Bugünkü oyunda təcrübə sayəsində rəqibi üstələdik. 1-0 “sürüşkən” hesabdır, qol epizodlarından istifadə etməli idik. Oyunun sonlarına yaxın “Sumqayıt” hesabı bərabərləşdirə də bilərdi. Qarşıda çox oyun var, avrokuboklara düşmək qarşımızda duran minimal vəzifədir. Çempionluq haqqında isə həmişə düşünürük. “Qarabağ” bu il çox güclüdür, layiqli olaraq çempionatın lideridir. Lakin heç kim çempionun kimliyini indidən deyə bilməz. Baçana Sxadadze artıq ikinci dəfə Gürcüstan millisinə çağrılır. Onun milli komandadakı oyunu haqqında fikir bildirməyim düzgün olmaz, bunu baş məşqçisi etməlidir. Milli komandaya faydalı olmasını arzulayıram”.

Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “”İnter” bizim üçün çətin rəqibdir. Hələ ki, “İnter”ə qalib gələ bilməmişik. İki fərqli hissə oynadıq, ikinci hissədə daha yaxşı oynadığımızı düşünürəm. “İnter” layiqli qələbə qazandı, təbrik edirəm. Məqsədimiz çempionatda “Rəvan”ı keçmək və mövsümü son pillədə başa vurmamaqdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43