23 Sentyabr 2024
Köşə yazıları

“Sumqayıt”da korlanmış ab-hava – Rəfiyevin öhdəsindən gələ bilmədiyi situasiya

“Sumqayıt”da qarışıq günlər davam etməkdədi. İstər mediada, istər sosial şəbəkələrdə gah klub pezidenti Riad Rəfiyevin Samir Abasovla yola getmədiyi, gah futbolçuların maaşlarında yaranan gecikmələrə görə oynamadıqları və başqa bunun kimi xoşgəlməz xəbərlər dolaşır. Bu qədər neqativlərin fonunda klub rəhbərliyi mövcud situasiyadan çıxış yolunu tapmaqda çətinlik çəkir. Gedişatın ilkin mərhələdə Abasovla yolların ayrılacağına aparırmış kimi görsənir. Ancaq bəlli məsələdir ki, şəhərinin tək komandasında əsas problem baş məşqçi deyil.

Ötən mövsüm bir formada avrokuboklara vəsiqə əldə edən, davamında isə elə ilk mərhələdəcə qələbə qazanmadan mübarizəni dayandıran “Sumqayıt”ın 3 aya yaxındı toparlana bilməməsi klubdaxili ab-havanın olduqca bərbad olmasının bir nişanəsidi.  Hər halda komanda daxilində və ətrafında neqativlik ən pik həddinə çatıb. Daha əvvəldən də yoluna qoyulması gözlənilən məsələlərin (rəhbərlik-baş məşqçi və s.)  həllinin cari mövsümdə də davam etməsi avtomatik olaraq bir çox sualların cavabsız qalmasına əsas olur. Bu kimi məsələlərdən sonra təbii olaraq komanda-rəhbərlik arasında güvənsizlik yaranıb. Qısacası, sadə görünən məsələlərin bu qədər mürəkkəbləşdirilməsi normal olaraq birbaşa klubun inkişafına təsir edir.

Əslində bu mərhələ hər bir klub rəhbəri üçün arzuolunmaz sayılır. Durumu hərə bir formada düzəltməyə, yoluna qoymağa çalışır. Problemlərin həllinə rasional yanaşma, konkret və praktik addımlar gərəkdİ ki, bunu da biz Riad Rəfiyevin timsalında görə bilmirik. Ya bacarmır, ya da… Bacarmır! 

Zamanla klubun daha yaxşı yerlərə gələcəyinə ümid edilən vaxtda komandanın qeyri-qənaətbəxşlik içərisində var-gəl etməsi bu məsələ üzərində dayanmaq məcburiyyəti yaradır. Bu, birinci şərtdir və izahına ehtiyac yoxdur. “Sumqayıt” nə kiminsə şəxsi münasibətlərinə, nə də kimlərinsə ehtiyac və tələblərinə xidmət edən bir yer deyil. Mütləqdir ki, uçurumun astanasında ifrata varılmayana kimi bu xoşagəlməz gedişat sonlandırılsın. 

Səxavət Qurbanov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43