Ölkə futbolu

Superkubok matçının Naxçıvanda keçirilməsini jurnalistlərimiz necə dəyərləndirir? – SORĞU

Bildiyimiz ki, dünən Azərbaycan kubokunun püşkatmasında PFL prezidenti Ramin Musayev jurnalistlərə açıqlamasında Superkubok oyununun oktyabrın 23-də Naxçıvanda keçiriləcəyini vurğulamışdı.

“Araz Naxçıvan” klubunun rəsmi “Facebook” səhifəsi jurnalistlər arasında soğru edib.

Səxavət Qurbanov (idmanxeber.com saytının baş redaktoru): “Əslində bu seçim Antalya variantından daha yaxşı oldu. Çünki ən azından oyun Azərbaycan torpağında keçiriləcək və oyunu daha çox azarkeş izləyəcək. Düzdü, Naxçıvandan kənarda yaşayan azarkeşlər üçün muxtar respublikaya səfər çətin olacaq, ancaq istənilən halda bu variant məncə ən idealı idi. PFL nəhayət ki, Naxçıvadankı azarkeşləri də sevindirdi”.

Ceyhun Əliyev (“Het-trik news” qəzetinin əməkdaşı): “Superkubokun Naxçıvanda keçirilməsinə olduqca müsbət yanaşıram. Bunun bir neçə səbəbi var. Əvvəla, blokada şəraitində yaşayan Naxçıvana istənilən dəstəyi vermək borcumuzdu. İkincisi, “Xəzər” və “ağ-qaralar”ın azarkeşləri arasında həm də isti münasibət hökm sürmür. Belədə, görüş “Kiçik torpaq”da baş tutacağı təqdirdə, ora az sayda Superkubok iştirakçılarının fan-klubları gedəcək. Nəticədə, mümkün münaqişənin qarşısı özülündəcə alınacaq. Daha bir məqam Naxçıvan fanatları ilə bağlıdır. Əlbəttə, hazırda onların sevimli “Araz Naxçıvan”ı 1-ci dəstədə çıxış edir. Ancaq etiraf etmək lazımdır ki, Premyer Liqa iştirakçılarının, ələlxüsus da, son 3 çempionatın qızıl medalçısı və Avropa Liqasının qrup mərhələsinin iştirakçısı olmuş “Neftçi”ni seyr etmək yerli publikaya xüsusi zövq verəcək. Bu, həm də azyaşlı naxçıvanlı övladlarımızın futbola marağını artırcaq. Qısası, ixtiyar sahibi olsaydım, Superkuboku mütləq Naxçıvanda keçirərdim”.

Rüfət Nadirli (interAz TV-nin əməkdaşı): “Mən ümumiyyətlə Superkubok matçının keçirilməsinin həmişə tərəfdarı olmuşam. Dünən bu matçın Naxçıvanda keçirilməsi xəbərini eşindəndə doğurdan da xoş oldu. Birincisi ona görə ki, fərqli məkanda və gözəl guşələrimizdən birində – Naxçıvanda olacaq və biz həmin günü Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanda böyük və möhtəşəm futbol bayramına şahid olacağıq. Hesab edirəm ki, bu görüşdə nəinki “Xəzər-Lənkəran” və “Neftçi” azarkeşləri, həmçinin Naxçıvandan olan azarkeşlərimiz də yer alacaqlar. Bu da maraqlı olacaq”.

Kamran Hacı: (“İdman” qəzeti və idman.com.az saytının əməkdaşı): “Ölkə superkubokunun Naxçıvanda keçirilməsini alqışlayıram. Bu, PFL tərəfindən atılmış tək-tük ən doğru addımlardandır. 12 ildən sonra Naxçıvana böyük futbolun qayıtması idman ictimaiyyətində sevinclə qarşılanmışdı. “Araz-Naxçıvan”ın birinci divizionda uğurlu start götürməsi, komandanın iddiasından, qarşıda ciddi işlərin görəcəyindən xəbər verir. Ölkə superkubokunun Azərbaycanımızdan ayrı düşən Naxçıvana salınması, Muxtar Respublikaya diqqəti bir qədər də artıracaq; futbolun, eləcə də idman təbliğatının miqyasını daha genişləndirəcək”.

Səbuhi Nərimanoğlu (“Futbol +” qəzetinin repartyoru): “Superkubokun Naxçıvanda keçirilməsini dəstəkləyirəm. Bu həm naxçıvanlılar, həm də ölkə futbolu üçün yenilik olacaq. Çünki indiyəcən Naxçıvanda belə görüş keçirilməyib. Həm də uzun müddətdi futbol olmayan bir bölgəyə belə matçın daşınması bu idman növünün kütləviliyini artırmaq yönündə təkan olacaq. Digər tərəfdən, hər iki klub arasında ciddi prinsipiallıq var. Onlar arasında keçirilən hər oyun uzun müddət mətbuatın gündəmindən düşmür. İnanıram ki, oyunun Naxçıvanda keçirilməsi bu prinsipiallığa əlavə rəng qatacaq və həmişə öyrəşdiyimiz ssenari davam edəcək”.

Saleh Arslan (korner.az saytının baş redaktoru) : “Təxminən iki ay bundan əvvəl Muxtar Respublika rəhbərliyinin, əhalisinin “Araz-Naxçıvan”a diqqət və dəstəyini canlı olaraq görəndə çox sevinmişdim. Gördüklərim Naxçıvan əhalisinin böyük futbol üçün nə qədər darıxdığını göstərirdi. PFL-in Superkubok oyununu Muxtar Respublikada keçirmək qərarı o insanların böyük sevincinə səbəb olacaq, şübhəsiz. Ümid edirəm ki, bu il “Neftçi”ni, “Xəzər Lənkəran”ı neytral qonaq kimi qəbul edən Naxçıvan, gələn il bu komandaları rəqib qismində qəbul edəcək.

Ceyhun Məmmədov (“Şərq qapısı” qəzetinin idman müxbiri): “Uzun illərdən sonra futbolsuz günlərinə son qoyan Naxçıvan üçün Superkubok kimi oyuna ev sahibliyi etmək təqdirəlayiq haldı. Etiraf edək ki, bu qərarı PFL-dən heç kim gözləmirdi və qərar çıxan andan etibarən bütün futbol ictimaiyyəti, mətbuat bu barədə danışır. İndi qalır oyunun necə keçiriləcəyinə. Oyunu keçirmək təbii ki, PFL-in üzərinə düşür və burda Naxçıvan yalnız oyuna ev sahibliyi edən tərəf kimi çıxış edir. Əgər futbol qurumu bütün işləri normal tərzdə apararsa, o zaman Naxçıvanda keçiriləcək Superkubok oyunu tarixə də düşə bilər. “Neftçi” və “Xəzər Lənkəran” kimi əzəli rəqiblərin duelinin bu dəfə yumruqsuz ötüşəcəyini tam əminliklə indidən söyləmək olar. Odur ki, PFL azarkeşləri, futbol ictimaiyyətini indi yumruq davasına yox, futbola baxmağa dəvət edə bilər”.

Nahid Canbaxışlı (veteninfo.az xəbər portalının baş redaktoru): “Naxçıvan Muxtar Respublikasında “Neftçi” və “Xəzər Lənkəran” arasında Superkubokunun keçirilməsi bütövlükdə alqışlanan bir addım olmaqla bərabər, eyni zamanda Naxçıvanda insanların futbola olan marağının daha da artmasına səbəb olacaq. Eyni zamanda bu gənclərin idmanın futbol bölməsinə marağı baxımından da yüksək dəyərləndirilməlidir. Naxçıvan Muxtar Respublikasının rəhbərliyinin idmana olan diqqət və qayğısı da burda unudulmamalıdır. Həmçinin “Araz Naxçıvan” PFK-nın 1-ci dəstədə göstərdiyi mübarizə belə bir turnirin Naxçıvanda baş tutması üçün mühüm amil sayılmalıdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43