Kateqoriyasız

SürətSiz

Ölkə çempionatında səviyyəli, sürətli oyun hər fürsətdə ələ düşmür. Dəfələrlə olub ki, Premyer Liqa oyunlarına sırf işimizin xətrinə baxmışıq. O qədər dözülməz, ağır və bərbad vəziyyətdə olublar… Hər dəfə olmasa da, belə görüşlərin sayı kifayət qədərdir.

Futbol çox dəyişir, inkişaf edir. İzləyici üçün kifayət qədər seçim var. Sürətli oyun artıq bu işin vakeçilməzidir. Heç kim topun bu cinahdan digər cinaha bir neçə dəqiqəyə keçməsinə səbr edə bilməz. Əlbəttə, baxımlı futbol sərgiləmək komandalardan – daha doğrusu heyətin səviyyəsindən asılıdır. Ancaq bu iş yalnız meydandakı futbolçularla bitmir. Hakimlər də bunun bir parçasıdır. Yalnış anlaşılmasın, heç kim onlardan topla driblinq edib, sonra da möhtəşəm ötürmə etmələrini gözləmir. Ancaq oyunun tempinə ayaq uydurmaq vacibdir.

Dünən Tovuzdakı matç çempionatda izlədiyimiz maraqlı görüşlərdən biri idi. Baxırdın ki, iki komanda da oynamaq istəyir yox, oynayır. Di gəl ki, görüşün baş hakimi Fərid Hacıyev bu dinamikanın davamlı olmasına imkan vermədi. Hər xırda toxunuş, hər ikili mübarizə, hər təmas foul deyil axı. Hər xırda epizodda oyunu saxlamaq, futbolçularla bu qədər dialoqa girməyə ehtiyac yoxdur. Ümumiyyətlə, hər epizodu bu qədər detalına qədər izah etmək hardan çıxdı? Barış abi öyrədib bunu? Oyunun tempini öldürmək, yerli-yersiz görüşü saxlamaq elə ən böyük xətadır.  Ola bilsin fiziki hazırlığı yerində deyil, söhbət edərək yorğunluğunu çıxır. Əziyyətini isə futbolsevərlər çəkir.

Qarşılaşmanın 58-ci dəqiqəsində “Qarabağ”lı futbolçu topu geriyə ötürür. Qapıçı Luka Quqeşaşvili komanda yoldaşının ötürməsinə əllə toxunduğu üçün qaydanı pozur. “Turan Tovuz”lu futbolçular qışqırır, məşqçilər heyəti kənarda etiraz edir. Nə yan xətt hakimi, nə də Fərid Hacıyevdən qərar yoxdur. Nəhayət, tribuna da hay-küyə qoşulandan sonra hakim qayda pozuntusu qeydə alır. Əgər oyun azarkeşsiz olsaydı, əminəm epizod itib-batacaqdı.

“Kəpəz” – “Qəbələ” matçında da fərqli heç nə yox idi. Mövsüm başlayandan gördüklərimizdən belə qənaətə gəlmək olar ki, Azərbaycan futbolunun “nur topu” kimi bir problemi çıxıb – VAR. Deməli, görüşün 14-cü dəqiqəsində Urfan Abbasovla Şuaybu arasında ikili mübarizə olur və top çölə çıxır. Və bu an hamı dayanır.Tərpənmək olmaz. Məsiyev oyunu saxlayıb. Əli ağzında VAR-la danışır. İki dəqiqəyə yaxın danışdıqdan sonra qərar verir? Xeyr. Hələ VAR-a baxmağa gedir.

Bəylər, bu qədər nə danışırsınız? Nəyi müzakirə edirsiniz? Heç ölkə futbolu barədə qərar verənlər bu qədər düşünmür. Əl-qərəz, epizoda biraz da baş hakim monitorda baxandan sonra 17-ci dəqiqədə penalti təyin edilir. Təkcə üç dəqiqə bu epizodda getməsinə baxmayaraq, hissənin sonuna da elə bu qədər əlavə olunur. Halbuki ilk yarıda daha bir penalti olub, bir neçə qayda pozuntusu qeydə alınsa da, Məsiyev bu dəqiqələri önəmsəməyib.

Daha bir gərgin, həyəcanlı gözləyiş oyunun 79-cu dəqiqəsində yaşanır. Ülvi İsgəndərov komandasının ikinci qolunu vurur, sevinir, rəqib məyus olur, azarkeşlər üzülür ancaq “Kəpəz” mərkəz başlamır ki, başlamır. Yenə Elçin Məsiyev meydanın mərkəzində əli ağzında VAR-la danışır. Vaxt keçir, saniyələr, dəqiqələr ötüşür qərar yoxdur. Nəhayət ki, dörd dəqiqəyə yaxın bir vaxtdan sonra qol təsdiqlənir. Bu, artıq müzakirə deyil. Sanki baş hakim səhv düşüb, başqa yerə bağlanıb, əlaqə itib və s…

Buna mütləq çarə tapmaq lazımdır. İşinizi asanlaşdırmalı olan VAR artıq bir problem kimi görünür. Bu sistem heç yerdə belə çalışmır. Avropanın aparıcı liqalarında ən çətin epizodlara belə bir neçə saniyədə baxılır və qərar verilir. Çempionata azarkeşləri cəlb etmək, səviyyəsini yüksəltmək istəyiriksə, hər detala fikir verilməlidir. Hakim məsələsi isə bu işin birincisidir.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43